BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM nümayəndə heyəti Yaponiyada beyin mərkəzləri ilə vacib görüşlər keçirib

2024-03-25 10:57

Martın 21-22-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Yaponiyada yerli beyin mərkəzləri və ictimaiyyət nümayəndələri ilə görüşləri keçirilib. Səfər çərçivəsində Yaponiya Beynəlxalq Münasibətlər İnstitutu (JIIA), Beynəlxalq Dostluq Mübadilə Şurası (FEC) və Yaxın Şərq İnstitutu (MEİJ) mərkəzləri ilə görüşlər baş tutub. Görüşlərdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib.

Martın 21-də BMTM nümayəndə heyəti Beynəlxalq Dostluq Mübadilə Şurasının (FEC) rəhbərliyi, ictimaiyyət nümayəndələri ilə görüşərək Azərbaycan və Yaponiya arasında dostluq münasibətlərinin tarixi və perspektivləri haqqında fikir mübadiləsi aparıb. İki ölkənin beyin mərkəzləri, elmi institutları arasında əməkdaşlığın bu münasibətlərə verə biləcəyi töhfə xüsusi vurğulanıb.

Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunun (JIIA) ekspertləri ilə görüş zamanı BMTM nümayəndə heyəti onların tədqiqatları və fəaliyyət istiqamətləri ilə tanış olub. Ekspertlərə Ermənistan-Azərbaycan münaqişəsinin həllindən sonra Cənubi Qafqazda yaranan vəziyyət, sülh və təhlükəsizlik üçün imkan və çağırışlar haqqında məlumat verilib. Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirləri zamanı işğalda olan torpaqlarını azad etdiyi, və beləliklə, regionda sabitlik və iqtisadi inkişaf üçün mühüm imkanlar yaratdığı qeyd olunub. BMTM-in nümayəndə heyəti JIIA ekspertlərinin Cənubi Qafqazda və ətraf regionda baş verən hadisələrə aid suallarına cavab veriblər. Tərəflər, həmçinin tədqiqat və məlumat mübadiləsi sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Sonda 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tokioya səfəri çərçivəsində JIIA-ya hədiyyə etdiyi rəsm tablosunun önündə xatirə şəkli çəkilib.

Martın 22-də BMTM-in nümayəndə heyəti Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ilə birlikdə Yaxın Şərq İnstitutunda (MEİJ) təşkil edilmiş dəyirmi masada iştirak edib. İlkin olaraq MEİJ-in Prezidenti Akitaka Saiki Azərbaycanın nümayəndə heyətinə Yaponiya və ətraf regionda baş verən geosiyasi və iqtisadi proseslər haqqında məlumat verib. O, MEİJ-in Azərbaycanın Yaxın Şərq dövlətləri ilə münasibətlərini yaxından izlədiyini bildirib və bununla əlaqədar fikirlərini bölüşüb. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və şöbə müdiri Vasif Hüseynov Azərbaycanın xarici siyasəti, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində fəaliyyəti, Azərbaycan-Yaponiya əlaqələrinin perspektivləri və s. haqqında MEİJ-in nümayəndələrinə məlumat verib, onların suallarını cavablandırıb. Tərəflər BMTM və MEİJ arasında əməkdaşlığın qurulmasının, ekspert mübadiləsinin, birgə tədbir və konfransların keçirilməsinin iki ölkə arasındakı əlaqələr üçün əhəmiyyətindən bəhs edib.