21.10.2024-cü il tarixində Beyin Mərkəzləri Platforması və onun internet portalının təqdimatı keçirilib.
Beyin Mərkəzləri Platforması Azərbaycanda siyasi, iqtisadi, daxili, ekoloji və digər əhəmiyyətli istiqamətlər üzrə ixtisaslaşan beyin mərkəzlərinin şəbəkəsidir. (https://think-tanks.az/) Platformanın yaradılmasında əsas məqsəd beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması, dövrün tələblərinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiya və əməkdaşlığın qurulması, həmçinin beyin mərkəzlərinn fəaliyyətləri barədə ictimaiyyətdə məlumatlılığın artırılmasıdır.
Çıxışlardan öncə Beyin Mərkəzləri Platformasının internet portalı barədə geniş təqdimat dinlənilib.
Prezident Administrasiyası strateji araşdırma sektorunun müdiri Fuad Axundov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə elmi-analitik institutların fəaliyyətinə xüsusi diqqət və qayğı göstərdiyinə diqqət çəkdi. O bildirdi ki, İ.Əliyev tədqiqatların yalnız dövlət institutları tərəfindən yox, həm də vətəndaş cəmiyyəti daxilində inkişaf etdirilməsi üçün milli donor institutlarının yaradılması haqqında qərar qəbul etmişdir. F. Axundov qeyd etdi ki, hazırda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə 400-dən çox layihə maliyyələşdirilir. Müasir qlobal çağırışlar, eləcə də süni intellekt və rəqəmsallaşma fonunda beyin mərkəzlərinin üzərinə böyük iş düşdüyünü deyən sektor müdiri bildirdi ki, Beyin Mərkəzləri Platforması Azərbaycanın dünyaya çıxışını və dünyada Azərbaycan barədə məlumatlılığın artırılmasında mühüm rol oynayacaq, birgə layihələrin inkişafına, yeni tərəfdaşlıqların qurulmasına və müxtəlif mövzular ətrafında fikir mübadiləsinin aparılmasına töhfə verəcək.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev platformanın 7 təsisçidən ibarət olduğuna, hazırda 27 beyin mərkəzinin burda təmsil olunduğuna və fəaliyyətin konsensus əsasında qurulduğuna diqqət çəkdi. Beyin mərkəzlərinin yaranma tarixinə toxunan BMTM sədri mərkəzin fəaliyyətinin əsasən aktual, praktiki məsələlərə yönəldiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi bitsə də, təhdidlər hələ bitməyib, əksinə genişlənərək daha mürəkkəb xarakter alıb.
Dəyişən dünyada beyin mərkəzlərinin artan əhəmiyyətinə toxunan Azərbaycan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov bu məsələdə dövlət strukturlarının da üzərinə mühüm iş düşdüyünü, lakin işin analitik bazasının hazırlanmasının da eyni dərəcədə vacib olduğunu qeyd etdi. E. Namazov platforma çərçivəsində illik toplantıların keçirilməsinin, birgə elmi nəşrlərin hazırlanmasının effektivliyin artırılmasına töhfə verəcəyini bildirdi.
Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc beyin mərkəzlərinin vahid platformasının yaradılmasının ölkəmizin qlobal risklərdən qaynaqlanan çağırışlara hazırlığındakı əhəmiyyətinə toxundu. Ermənistan və onun havadarlarının dezinformasiya siyasətindən danışan Z.Oruc erməni diasporunun beyin mərkəzlərinə sızaraq anti -Azərbaycan təbliğatı apardığını və bu səbəbdən beyin mərkəzlərinin rəqabətədavamlılığının artırılmasının zəruriliyinə diqqət çəkdi. Millət vəkili, həmçinin Türk Dövlətləri Təşkilatı daxilində beyin mərkəzləri alyansının yaradılmasının vacibliyinə toxundu.
Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun (İDD) direktoru Fariz İsmayılzadə ADA və BMTM-in birgə təşkilatçılığı ilə artıq 6 dəfə beynəlxalq beyin mərkəzləri forumunun təşkil edildiyini, 3 saatdan çox davam edən məhsuldar görüşlərin əhəmiyyətinə toxundu. Qərarqəbuletmə prosesində və xarici siyasət mesajlarımızın təşviqində beyin mərkəzlərinin rolunun artırılmasından danışan F. İsmayılzadə bu istiqamətdə beynəlxalq beyin mərkəzləri ilə əməkdaşlığın vacib yer tutduğuna diqqət çəkdi.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal trendlər fonunda platformanı vaxtında atılmış addım kimi qiymətləndirdi. Dövlətlər və cəmiyyətlərin inkişafında kollaborativ institutların əhəmiyyətinə toxunan V.Qasımlı bəzi böhran vəziyyətlərində beyin mərkəzlərinin həlledici roluna diqqət çəkdi. O, ABŞ, Avropa İttifaqı və Çinin inkişaf strategiyalarının hazırlanmasında beyin mərkəzlərinin rolundan bəhs etdi. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq əlaqələri barədə əhatəli təqdimatla çıxış edən V. Qasımlı “Böyük İyirmilik” və “Böyük Yeddilik” beyin mərkəzlərində Azərbaycan beyin mərkəzlərindən təmsilçilərinin cəlb olunmasının vacibliyinə diqqət çəkdi.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov beyin mərkəzlərinin sayının artırılmasınıın zəruriliyindən danışdı. O, beyin mərkəzləri və ictimaiyyət arasında əlaqələrin intensivləşdirilməsinin, xüsusən də bölgələrdə bu işin təşviqi istiqamətində konkret addımlar atılmasının vacibliyinə toxundu. R. Həsənov, həmçinin media ilə beyin mərkəzlərinin münasibətlərinin koordinasiyalı formada aparılmasının zəruri olduğunu bildirdi.
Son 3-4 ildə qlobal səviyyədə Cənubi Qafqaz regionunun tədqiqatına xüsusi diqqət ayrıldığını deyən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov ölkəmizin özünün bu tədqiqatlara təşkilatçılıq etməsinin əhəmiyyətinə toxundu. O, həmçinin Beyin Mərkəzləri Platformasının ümumi koordinasiyanda effektivliyinin artırılmasındakı rolundan bəhs etdi.
Çıxışlardan sonra beyin mərkəzlərinin cəmiyyətdə rolu, xarici beyin mərkəzləri ilə əməkdaşlığı, həmçinin siyasi və iqtisadi mövzularla bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Beyin Mərkəzləri Platforması özündə 27 beyin mərkəzini birəşdirir.