BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Azərbaycan-Özbəkistan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda dəyirmi masa keçirilib

2023-08-08 11:53

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutunun birgə təşkilatçılığı ilə avqustun 8-də “Azərbaycan-Özbəkistan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda dəyirmi masa keçirilib.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın xarici siyasətində Özbəkistanın mühüm yer tutduğunu qeyd edib. F.Şəfiyev bildirib ki, 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin üç dəfə bu ölkəyə səfər etməsi ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında mühüm rol oynayıb.

Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini Şerzod Fayziyev iki ölkə arasındakı əlaqələrin xülasəsini verərək Azərbaycanın Özbəkistan üçün əhəmiyyətli tərəfdaş olduğuna vurğulayıb.

Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov bildirib ki, Özbəkistan və Azərbaycan siyasi, iqtisadi, mədəni, parlamentlərarası və digər sahələrdə uğurla əməkdaşlıq edir.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev iki ölkə arasında münasibətlərin cari vəziyyəti haqqında danışıb və inkişaf perspektivlərinə toxunub. O bildirib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər qarşılıqlı etimada əsaslanan mehriban qardaşlıq xarakteri daşıyır.

Daha sonra çıxış edən BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iki ölkə arasında diplomatik əlaqələrin qurulması və inkişafındakı rolundan danışıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini Zamin Əliyev bildirib ki, 2022 və 2023-cü illər iki ölkə arasında əlaqələrin inkişafı baxımından çox uğurlu illər olub. O əlavə edib ki, dövlət başçıları arasında sıx təmaslar və dostluq əlaqələri ölkələrimiz arasında münasibətlərin inkişafının dinamizm və intensivliyini müəyyən edir.

Milli Məclisin deputatı Rauf Əliyev öz çıxışında ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edib. O əlavə edib ki, Özbəkistan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Digər çıxış edən natiqlər ikitərəfli münasibətlərin geosiyasi, iqtisadi, mədəni və s. aspektlərini geniş şərh ediblər. Bundan başqa, Özbəkistan prezidentinin Azərbaycana gözlənilən dövlət səfəri ərəfəsində baş tutan dəyirmi masada iştirakçılar tərəfindən ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı bir sıra təkliflər də səsləndirilib. Tədbir Mərkəzi Asiya ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin, elm və ictimaiyyət təmsilçilərinin iştirakı ilə baş tutub. Tədbirin sonunda BMTM və Mərkəzi Asiya Beynəlxalq İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.