BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-də Laçın şəhəri ətrafında gedən proseslərə dair müzakirələr keçirilib

2022-08-23 14:09

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində son vaxtlar Laçın şəhəri ətrafında gedən proseslərə dair müzakirələr keçirilib. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Laçın şəhəri 30 illik işğaldan sonra tam olaraq Azərbaycanın nəzarətinə keçir. Onun sözlərinə görə, işğal zamanı Laçının statusu həmişə danışıqlarda xüsusi yer tutub və ATƏT-in Minsk Qrupunun apardığı danışıqlar çərçivəsində də ayrı maddə kimi müzakirə olunub.

Fərid Şəfiyev bildirib ki, son bir ayda Ermənistanın təbliğat maşını və  xüsusilə diasporun təsiri ilə fəaliyyət göstərən siyasətçilər tərəfindən Azərbaycana  hücumlar başlayıb və göstərməyə çalışırlar ki, Laçında ermənilər yaşayıb və indi evlərini tərk etmək məcburiyyətindədirlər: “Lakin Laçının 98 faiz əhalisi azərbaycanlılardan ibarət idi və orada təxminən 300 erməni yaşayırdı. Sonradan Laçında yaşayan ermənilər əsasən Livan və Suriyadan gələnlərdir. Bununla yanaşı vaxtilə Ermənistandan olan ermənilərin Laçına köçürülməsi ilə bağlı diaspor ilə birgə layihə həyata keçirilmiş və onlara müəyyən maliyyə yardımları edilmişdi”. 

BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova bildirib ki,  üçtərəfli noyabr bəyanatının 6-cı bəndində Laçın dəhlizinə alternativ yolun çəkilməsindən sonra şəhərin tam olaraq Azərbaycanın nəzarəti altına keçirilməsi ilə bağlı açıq qeyd olunub: “Azərbaycan Laçın dəhlizinə alternativ yolu çəkib və bitirmək üzrədir. İndi isə hadisələr bitmək üzrə olan vaxtda Ermənistanın siyasi rəhbərliyi tərəfindən prosesə kömək etməyən bəyanatlar eşidirik. Ermənistanın tutduğu mövqe göstərir ki, bu ölkə sülhə hazır deyil və Azərbaycanın hücum diplomatiyası sayəsində öhdəliklərini yerinə yetirməli olur”.

Esmira Cəfərova əlavə edib ki, hazırda digər məsələ Ermənistan ərazisindən yolun çəkilməsidir. Onun sözlərinə görə, ermənilər Zabux və Susu tərk etdikdən və alternativ yol istifadəyə verildikdən sonra Ermənistanın başqa yolu olmayacaq və alternativ yolun davamının tikilməsinə məcbur qalacaq.

BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədlinin sözlərinə görə,  bölgənin toponimləri sübut edir ki, min illər ərzində Laçın ərazisi Azərbaycana məxsus olub. O, bu baxımdan Ağaoğlan məbədi, Məlik Əjdər türbəsi, Bayandur,  Qaradağlı, Qızılqaya kimi toponimlərin adını çəkib. O əlavə edib ki, SSRİ dövründə də ermənilərin Laçın uğrunda mübarizələri dayanmayıb. Belə ki, onlar Laçını muxtar vilayət qarşısında maneə olaraq görüblər. Mətin Məmmədli qeyd edib ki, Laçının tam olaraq Azərbaycanın nəzarətinə keçməsi danışıqlara və təhlükəsizlik mühitinə müsbət mənada töhfə verəcək. 

Politoloq Zaur Məmmədov Laçın şəhərinin tarixi və demoqrafik vəziyyəti ilə bağlı təqdimatla çıxış edib. O bildirib ki, hər zaman ermənilər üçün ağrılı məsələ kimi qeyd edilən Laçın şəhəri işğaldan sonrakı dövrlərdə aparılan danışıqlar prosesində xüsusi yer tutub və Laçının hərbsizləşdirilmiş, yeni rejimə malik yer kimi saxlanılması təklif edilib. O əlavə edib ki, artıq Laçın dəhlizi tarixə qovuşur və bu artıq yeni status deməkdir. Politoloq əlavə edib ki, yeni Laçın yoluna tətbiq edilən prinsiplər Zəngəzur dəhlizi ilə eyni olmalıdır.