BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Azərbaycan-Özbəkistan münasibətlərinə həsr olunmuş dəyirmi masa keçirilib

2023-06-14 17:37

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı Azərbaycan-Özbəkistan münasibətləri və Özbəkistanda keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunmuş dəyirmi masa keçirilib. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışı zamanı Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələrin inkişafının Azərbaycanının xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ötən  il 3 dəfə Özbəkistana səfər edib. “Özbəkistan hər zaman ərazi bütövlüyü prinsipinə qətiyyətli və prinsipial dəstək nümayiş etdirib ə Azərbaycan-Ermənistan münaqişəsinin ədalətli həllini dəstəkləyib”,- deyə Fərid Şəfiyev bildirib. 

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında ticarət əlaqələri inkişafı edir və ticarət dövriyyəsinin artırılması üçün hər iki ölkə tərəfindən müvafiq addımlar atılır. Fərid Şəfiyev gələcək əməkdaşlığın Çin - Mərkəzi Asiya - Qafqaz - Avropa marşrutu üzrə inkişafı potensialını qeyd edib.

Özbəkistan xarici işlər nazirinin müavini Bobur Usmanov hazırda Azərbaycan-Özbəkistan münasibətlərinin nümunəvi xarakter və misli görünməmiş xarakter daşıdığını və bu işdə iki ölkənin prezidentlərinin rolunu vurğulayıb. Onun sözlərinə görə, böyük ticari potensiala malik iki ölkə ixrac-idxal əməliyyatlarının illik həcmini bir milyard dollara çatdırmaq niyyətindədir.

Çıxışı zamanı Özbəkistanın Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayan Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ən müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin mübadiləsinin son vaxtlar fəallaşmasından məmnunluq ifadə edib. Onun sözlərinə görə, əməkdaşlığın yeni mexanizmlərinin tətbiqi son illər müşahidə olunan müntəzəm təmasların nəticəsi olub. “Liderlərimizin razılaşmalarının praktik icrası çərçivəsində Özbəkistan-Azərbaycan əlaqələrinin spektrinin daha da genişlənməsi üzrə fəal iş aparılır”, - deyə səfir bildirib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib ki, Mərkəzi Asiya və Xəzəryanı ölkələr regionda işlərin necə gedəcəyinə, hansı proseslərin baş verəcəyinə özləri qərar verməlidir. “Regionda pozitiv proseslər baş verir. Biz bunlara sevinirik və imkan daxilində bu proseslərdə həm ikitərəfli, həm də çoxtərəfli formatda iştirak edirik. Biz öz regionumuzun – Mərkəzi Asiya və Xəzər regionunun sahibiyik. Biz elə məqama çatmışıq ki, regionda işlərin necə gedəcəyinə, hansı proseslərin baş verəcəyinə özümüz qərar verməliyik”, - deyən diplomat bu planda ölkələrimiz arasında qardaşlığın və həmrəyliyin çox mühüm olduğunu vurğulayıb.

Daha sonra tədbir ekspertlərin çıxışları ilə davam etdirilib. BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayeva, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının müşaviri,  Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov və digər ekspertlər iki ölkə münasibətlərinin keçmişi, inkişaf dinamikası və gələcək potensialı barədə çıxışlar ediblər.