Müasir dövrdə beynəlxalq sistemin köklü dəyişiklik prosesindən keçdiyi qəbul edilən və məlum bir reallıqdır. Xüsusilə qlobal miqyasda məsuliyyət daşıyacaq liderliyin çatışmazlığı və beynəlxalq təşkilatların mövcud problemlərə təsirli həll yolları təqdim edə bilməməsi dəyişiklik ehtiyacının əsas səbəbləri sırasında göstərilir. Bu sistem dəyişikliklərinin hansı istiqamətdə inkişaf edəcəyi və necə nəticələnəcəyi hələ tam müəyyən olmasa da, bütün beynəlxalq aktorlar öz mövqelərini və siyasətlərini yeni reallığa uyğun şəkildə formalaşdırırlar.
Türkiyə-Azərbaycan münasibətləri illər ərzində necə formalaşıb?
Qlobal sistemdə baş verən dəyişikliklər fonunda Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək yol xəritəsinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. İki ölkə münasibətlərinin son 35 ilinə nəzər saldıqda uğurlu bir dövrdən bəhs etmək mümkündür. Bu uğur xarici siyasətdə ortaq məqsədlərə nail olmaq üçün əməkdaşlığın koordinasiyalı və sistemli şəkildə həyata keçirilməsi sayəsində əldə olunub. Nəticə etibarilə, iki ölkə arasında xarici siyasətdə koordinasiya cəmiyyətlər tərəfindən də dəstəklənib. Türkiyədə 2019-cu ildə keçirilən ictimai rəy sorğusunda “Türkiyə xarici siyasətdə kiminlə birlikdə hərəkət etməlidir?” sualına respondentlərin 44,5 faizi “Azərbaycanla birlikdə hərəkət etməlidir” cavabını verib. İştirakçıların yalnız 15,6 faizi isə “Türkiyə təkbaşına hərəkət etməlidir” fikrini səsləndirib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında koordinasiya ilk növbədə enerji sahəsində təmin edildi. 1990-cı illərdə Azərbaycan neft və təbii qazının dünya bazarlarına çıxarılması üçün müxtəlif marşrutlar müzakirə olunarkən iki ölkə bunun Bakı-Ceyhan xətti vasitəsilə həyata keçirilməsi məsələsində ilkin razılığa gəldi. Hər iki dövlət rəqiblərin boru kəmərinə qarşı müxtəlif təxribat cəhdlərini əməkdaşlıq və koordinasiya sayəsində uğurla dəf etdi. Bu gün Türkiyənin təbii qaz təchizatında Azərbaycanın zaman-zaman üçüncü yerdən ikinci yerə yüksəlməsi, Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) istifadəyə verilməsi, Azərbaycanın 15 ölkəyə təbii qaz ixrac etməsi və Türkiyənin enerji körpüsü rolunu oynamasının təməlində 1990-cı illərdə iki ölkə arasında enerji sahəsində qurulan koordinasiya dayanır. Əgər bu koordinasiya təmin edilməsəydi, bu gün regional enerji və hətta geosiyasi balanslar Azərbaycan və Türkiyənin xeyrinə formalaşmaya bilərdi.
İkinci mühüm strateji nəticə doğuran koordinasiya prosesi regional nəqliyyat sahəsində yaşandı. Bu gün türk dünyasını birləşdirən, Azərbaycan və Türkiyənin qlobal daşımalar sahəsində strateji əhəmiyyətini artıran və onlara körpü rolu qazandıran Bakı-Tbilisi-Qars dəmir yolu xətti məhz bu əməkdaşlığın nəticəsidir. Layihə gündəmə gəldikdə erməni diasporunun güclü təzyiqləri nəticəsində ABŞ Konqresi Amerika banklarının, Avropa Parlamenti isə Avropa banklarının kredit və maliyyə dəstəyi göstərməsinə mane olmuşdu. Lakin layihənin icrasına başlanıldıqdan sonra Azərbaycan həm öz hissəsinin, həm də Gürcüstan hissəsinin həyata keçirilməsi üçün zəruri maliyyəni təmin etdi. Əgər qarşı tərəf uğur qazansaydı, bu dəmir yolu bu gün Azərbaycan və Türkiyənin istədiyi formada olmayacaqdı.
İki ölkə arasında koordinasiyanın ən mühüm istiqamətlərindən birini hərbi-təhlükəsizlik sahəsi təşkil edir. 1992 və 1996-cı illərdə imzalanan hərbi təhsil sazişləri hərbi inteqrasiya və koordinasiyaya xidmət edib. 2007-ci ildə yaradılan və iki ildən bir toplanan Yüksək Səviyyəli Hərbi Əməkdaşlıq Şurasının məqsədi regional prosesləri qiymətləndirmək və bu proseslər qarşısında iki ölkənin koordinasiyasını gücləndirmək olub. 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Azərbaycan və Türkiyə arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında sazişin imzalanması, eləcə də həmin il yaradılan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası iki ölkə arasında koordinasiyanın institusional əsaslarını möhkəmləndirib.
Hər iki ölkənin 30 il ərzində prinsipial şəkildə üzərində dayandığı və güzəştə getmədiyi Qarabağ məsələsinin həll olunması ilə xarici siyasətdə koordinasiya sahəsi daha da genişləndi. Bu, əslində regional rəqiblərin mövqeyinə qarşı Azərbaycan və Türkiyənin əməkdaşlıq və koordinasiyasının zirvəsi hesab edilə bilər. Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan “Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən Ermənistanın gələcəyinin olmadığı” qənaətindədirsə, bu, Azərbaycan və Türkiyənin Ermənistan siyasətində nümayiş etdirdiyi qətiyyətli mövqenin nəticəsidir. Lakin Ermənistanın hüquqi baxımdan hər iki ölkəyə qarşı iddialarından tam imtina etdiyi vaxta qədər Azərbaycan-Türkiyə koordinasiyasının davam etdirilməsi daha məqsədəuyğun görünür. Belə ki, Ermənistan Konstitusiyasında yer alan Müstəqillik Bəyannaməsində Azərbaycanla yanaşı Türkiyəyə qarşı da ərazi iddiaları mövcuddur və həmin müddəaların dəyişdirilməsi Ermənistanın Türkiyəyə qarşı hüquqi iddialarının da sona çatması anlamına gələcək.
Bu proses çərçivəsində Ermənistanla münasibətlərin gələcəyi də müzakirə olunur. Yaxın dövrdə Ermənistanda seçkilərin keçirilməsi gözlənilir. Ermənistanla davam edən yumşalma prosesləri nəzərə alındıqda prosesin davamlılığı baxımından Nikol Paşinyanın seçkilərdə qalib gəlməsi ehtimalının Azərbaycan və Türkiyə tərəfindən müsbət qarşılandığı müşahidə edilir.
Bu səbəbdən, Azərbaycan Ermənistanla ticarətin başlanmasına dəstək vermək, üçüncü ölkələrin Ermənistana yönəlmiş mal və məhsullarının Azərbaycan ərazisindən tranzitinə icazə vermək və iki ölkə arasında normallaşma prosesini təşviq etmək kimi addımlarla Paşinyana konkret dəstək göstərmiş oldu.
Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyevin İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Zirvəsinə videokonfrans vasitəsilə qatılması da bu dəstəyin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi idi. Beləliklə, Azərbaycan və Türkiyə arasında Ermənistanla normallaşma prosesində ortaq mövqe baxımından hər hansı fikir ayrılığı mövcud deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Antalya Diplomatiya Forumunun son toplantısında “Ermənistanla normallaşma prosesinin Azərbaycanla koordinasiya şəraitində davam etdirildiyini” bəyan etməsi də bunun konkret sübutudur.
İki ölkə arasında ən uğurlu koordinasiya sahələrindən biri də Suriya məsələsi olub. İlham Əliyev Suriyada 2024-cü ilin dekabrında baş verən hakimiyyət dəyişikliyinin ilk günündən etibarən Azərbaycanın Suriya siyasətinin Türkiyə ilə koordinasiya ediləcəyini açıqlamışdı. 2025-ci ildə keçirilən Antalya Diplomatiya Forumunda Prezident İlham Əliyev Suriya Prezidenti Əhməd Şara ilə görüş keçirdi və bundan sonra Azərbaycan Türkiyə vasitəsilə Suriyanın enerji probleminin həlli üçün təbii qaz tədarükünə başladı.
Türk dünyasının inteqrasiyasında koordinasiya
Bundan əlavə, Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsi məsələsində hər iki ölkə eyni mövqedən çıxış edir. Hər iki ölkənin lideri TDT-dən bəhs edərkən “ailəmiz” ifadəsini istifadə edir. Bu gün digər türk dövlətləri də öz aralarındakı münasibətlərdə Türkiyə və Azərbaycan arasındakı koordinasiyanı model kimi qəbul edirlər. Son mərhələdə Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) TDT-yə tamhüquqlu üzvlüyünü dəstəkləyir. Azərbaycanın bu konkret dəstəyi digər türk dövlətləri üçün də nümunə hesab olunur.
Türkiyə və Azərbaycan arasında qurulan əməkdaşlıq və koordinasiya nəticəsində Avrasiyada balanslar hər iki dövlətin maraqlarına uyğun şəkildə formalaşır. Bu əməkdaşlıq və koordinasiyanın uğurunda iki ölkənin hədəflərinin legitim, rasional və regional-qlobal təhlükəsizliyə töhfə verəcək şəkildə müəyyənləşdirilməsi mühüm rol oynayıb. Eyni zamanda, koordinasiyanın regional balanslar və ortaq milli maraqlar nəzərə alınmaqla həyata keçirilməsi də bu prosesi dəstəkləyən əsas amillərdən biri olub.
Nəticə etibarilə, hər iki ölkə liderinin nümayiş etdirdiyi siyasi iradə nəticəsində münasibətlər “Bir millət, iki dövlət” anlayışından çıxaraq xarici və təhlükəsizlik siyasətində ortaq mövqe sərgiləyəcək səviyyədə “bir dövlət” modelinə doğru inkişaf edir. Ölkələr arasında formalaşan xarici siyasət koordinasiyası tərəflərdən birinin digərinin təsiri altına düşməsi deyil, müttəfiqliyin və mövcud beynəlxalq sistemdə hökm sürən qeyri-müəyyənliyin tələbidir.


