BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Çağırışlara baxmayaraq ölkələr Orta Dəhlizin genişləndirilməsinə çalışır

2024-10-29 12:18

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Çağırışlara baxmayaraq ölkələr Orta Dəhlizin genişləndirilməsinə çalışır” sərlövhəli məqaləsi Ceymstaun Fondunun “Eurasia Daily Monitor” nəşrində dərc edilib.

Məqalədə V. Hüseynov Türkmənistanın paytaxtı Aşqabadda Avropa İttifaqı, Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) boyunca yerləşən Mərkəzi Asiya ölkələri, Cənubi Qafqaz ölkələri, Türkiyə və beynəlxalq maliyyə institutlarının iştirak etdiyi yüksək səviyyəli tədbirin əsas nəticəsi-Orta Dəhlizin Koordinasiya Platformasının yaradılması barədə ətraflı məlumat verir.

“Avropa İttifaqı 2025-ci ildə infrastrukturun inkişafını dəstəkləmək, standartların, rəqəmsallaşmanın və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəlik texniki yardım göstərmək üçün regional nəqliyyat proqramını işə salmağı planlaşdırdığını açıqladı”.

Müəllif qeyd edir ki, Koordinasiya Platformasının yaradılması son dövrdə Orta Dəhliz layihəsinə yeni nəfəs gətirmək istiqamətində atılan addımlardan biridir.

“19-20 sentyabr tarixlərində Çinin Sian şəhərində keçirilən 8-ci Beynəlxalq İpək Yolu sərgisində Çinin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının  Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yollarının “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulacağı bildirildi. Ekspertlər bu hadisəni Orta Dəhlizin inkişafına yönəlik fəaliyyətlərdə Çinin rəsmi iştirakının başlanğıcı kimi xarakterizə edirlər”.

V. Hüseynov bildirir ki, Azərbaycan və Gürcüstan da bu istiqamətdə addımlar atır. Belə ki, Gürcüstan paytaxtında quru liman tikintisini həyata keçirir və bu yaxınlarda qeyd edilən layihə üçün Birləşmiş Ərəb Əmirliklərindən 16 milyon dollar investisiya cəlb edib.

“Tikintinin 2024-cü ilin sonunda yekunlaşdırılması gözlənilir və Qara dəniz sahillərindəki Batumi və Poti limanlarının uzantısı kimi fəaliyyət göstərəcək. Azərbaycan üçün Orta Dəhlizlə bağlı olan əsas layihə Zəngəzur dəhlizidir. Azərbaycan, demək olar ki, avtomobil yolunun tikintisini yekunlaşdırıb. Horadizdən Ağbəndə qədər olan dəmir yolu xəttinin 57%-dən çoxunu tamamlayıb”.

Müəllifin sözlərinə görə, Orta Dəhlizlə bağlı təşəbbüslərin çoxalmasının əsas səbəbləri Avropa və Çin arasında alternativ nəqliyyat marşrutlarına artan ehtiyacdır.

*Məqalənin ingilis dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://aircenter.az/en/single/multiple-countries-strive-to-enhance-middle-corridor-despite-challenges-1562