Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Qazaxıstanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib. Açılışda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev iki ölkə arasında münasibətlərin gündən-günə daha da inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq əlaqələrin qurulması Azərbaycan xarici siyasətinin prioritet sahələrindən biridir. Fərid Şəfiyev konfrans zamanı həm ikitərəfli, həm regional əməkdaşlıq, həm də Qazaxıstanda baş verən yeniliklər barədə müzakirə aparılacağını qeyd edib.
Daha sonra çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel iki ölkə arasında əlaqələrin son bir ildə yeni səviyyəyə çatdığını və artıq əlaqələrdə yeni mərhələnin başladığını deyib. Onun sözlərinə görə, bütün bunlar həm də yüksək səviyyəli qarşılıqlı səfərlər hesabına baş verib və bu baxımdan səfir ötən ilin oktyabrında Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin Azərbaycana və Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin aprelində Qazaxıstana baş tutmuş səfərini qeyd edib. Səfir bildirib ki, ötən il ölkə arasında ticarət dövriyyəsi 40 faiz artaraq 450 milyon dollara çatıb və bu ilin ilk altı ayı ərzində bu rəqəm artıq 300 milyon dollar olub: “Qazaxıstan artıq Baku-Tbilisi-Ceyhan boru xətti ilə neft ixrac etməyə başlayıb. Biz Azərbaycanla əlaqələrə böyük regional əməkdaşlıq çərçivəsində baxırıq. Azərbaycan və Qazaxıstan regionun vacib ölkələridir”.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov video bağlantı ilə konfransa qoşularaq son illər iki ölkə arasında imzalanmış vacib sənədlərə toxunub. Onun sözlərinə görə, Orta Dəhliz layihəsinin əhəmiyyəti getdikcə daha da artır. Səfir əlavə edib ki, bu layihə nəinki region ölkələrinin, həm də xarici investorların diqqətini cəlb edir. Ağalar Atamoğlanov əlavə edib ki, hökumətlərarası komissiya Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərdə vacib rol oynayır və komissiyanın növbəti iclasının onlayn şəkildə bu ay keçirilməsi nəzərdə tutulub. Səfir həmçinin Zəngəzur dəhlizi barədə danışaraq deyib ki, bu xətt Orta Dəhlizin vacib qollarından biridir və onun açılması ümumilikdə bütün regionun rifahına xidmət edəcək.
Qazaxıstan parlamentinin deputatı Aydos Sarım video bağlantı zamanı Qazaxıstan prezidentinin Parlament palatalarının birgə iclasında Qazaxıstan xalqına müracəti barədə danışıb və çıxış zamanı Transxəzər marşrutunun əhəmiyyətinin vurğulandığını deyib. O, regionda tarixi hadisələrin baş verdiyini və regionun geosiyasi arxitekturasının dəyişdiyini diqqətə çatdırıb. Parlament üzvü bildirib ki, bu gün Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb və Qazaxıstan hazırda nəqliyyat layihələrinin inkişafına böyük diqqət yetirir.
Azərbaycan parlamentinin üzvü Rasim Musabəyov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov və nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev çıxışları zamanı əlaqələri geosiyasi, Xəzər dənizi vasitəsilə qonşuluq, dini etnik radikalizmə qarşı birgə mübarizə, türk dünyasının inteqrasiyası regional layihələr, kontekstində təhlil ediblər.
Tədbir müzakirələrdən sonra yekunlaşıb.