BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Fərid Şəfiyev Brüssel səfərinin yekunlarına dair mətbuat konfransı keçirib

2019-12-11 00:00

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyevin Brüsselə səfəri ilə bağlı mətbuat konfransı keçirilib. Fərid Şəfiyev konfransda çıxışı zamanı dekabrın 3-6-da baş tutmuş səfərin əsas məqsədinin ikitərəfli əlaqələrin bir sıra istiqamətləri üzrə müzakirələr aparmaq və Azərbaycanın mövqeyini çatdırmaqdan ibarət olduğunu deyib. O, görüşlərdə xüsusilə Aİ-Azərbaycan əlaqələrinin, Ermənistan-Azərbaycan münaqişəsinin, Azərbaycanda gedən son islahatlarının müzakirə olunduğunu diqqətə çatdırıb:  “Bildiyiniz kimi, Aİ ilə Azərbaycan arasında yeni saziş üzərində iş aparılır. Brüsseldə bu sazişlə əlaqədar ümumi məsələləri və siyasi aspektləri müzakirə etdik. Bildiyiniz kimi, Azərbaycan məqsədi Avropa İttifaqı ilə bərabərhüquqlu əlaqələr qurmaqdan ibarətdir və biz Aİ-nin üzvü olmaq niyyətində deyilik. Hazırda sazişin demək olar ki, 90 faiz hissəsi razılaşdırılıb. Qeyd etməliyəm ki, görüşlərdə həmçinin son bir neçə ayda ölkədə aparılan islahatlar, kadr dəyişiklikləri, Milli Məclisin buraxılması, yeni seçkilərin təyin olunması müzakirə olunub. Cənab prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasət Aİ tərəfindən müsbət qarşılanır, alqışlanır və dəstəklənir”.

BMTM sədri görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinin də müzakirə olunduğunu diqqətə çatdıb. “Rəsmi Brüssel bu münaqişədə həlledici rol oynamır. Bu işlə ATƏT-in Minsk qrupu məşğul olur. Lakin Avropa İttifaqı təsiretmə gücünə malikdir. Biz bu istiqamətdə danışıqlar apardıq. Bizim üçün əsas məsələ Aİ-nin və üzv ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsidir”.

Daha sonra çıxış edən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev beynəlxalq təşkilatlarla əlaqələrin çox vacib olduğunu və bu istiqamətdə fəaliyyətlərin daim aparılacağını bildirib. Onun sözlərinə görə, icmanın dünyada daha çox tanınmasına ehtiyac var. Tural Gəncəliyev Brüsseldə keçirilmiş görüşləri müsbət qiymətləndirib və bütün görüşlərdə Dağlıq Qarabağın erməni icması ilə sülh şəraitində birgə yaşamağa hazır olduqları mesajını verdiklərini diqqətə çatdırıb. İcmanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova Brüssel səfəri zamanı Avropada yaşayan gənc azərbaycanlı diaspor nümayəndələri ilə görüşdüklərini qeyd edib. Bildirib ki, görüşdə münaqişə ilə bağlı mövqe onlara çatdırılıb və bu mövqenin dünya ictimaiyyətinə çatdırılmasına dəstək göstərməkləri xahiş olunub.

Daha sonra Fərid Şəfiyev qısa olaraq BMTM-in bu il ərazində gördüyü işlərə, beynəlxalq əməkdaşlıq sahəsində atılmış addımlara, gələcək planlara toxunub.

Sonda jurnalistlərin sualları cavablandırılıb.