BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Avropa enerji istehlakçıları Xəzər qazını qəbul edib

2021-01-19 13:50

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin Kanadanın NATO Assosiasiyasının saytında “Avropa enerji istehlakçıları Xəzər qazını qəbul edib” başlıqlı məqaləsi dərc olunub.

Yazıda 2020-ci ilin enerji sektoru üçün çox çətin il olduğu bildirilib və COVID-19 pandemiyasının hələ də bu sektora mənfi təsir göstərməyə davam etdiyi vurğulanır. Müəllif əlavə edir ki, bütün çətinliklərə baxmayaraq, Trans Adriatik Boru Kəmərinə dair işlər tamamlanıb və  ötən il noyabrın 15-də TAP kommersiya əməliyyatlarına başlayıb.

Bildirilir ki, 2020-ci il dekabrın son günü isə, Şah Dəniz 2 layihəsindən çıxan ilk Azərbaycan təbii  qazı İtaliyaya çatıb: “Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır və bu bizim tarixi nailiyyətimizdir. Qeyd etməliyik ki, müxtəlif ölkələri, enerji şirkətlərini və maliyyə qurumlarını birləşdirən TAP layihəsi qarşılıqlı maraq və məhsuldar əməkdaşlığın tanınması sayəsində həyata keçib”.

Şahmar Hacıyev yazır ki, TAP-ın açılışı Azərbaycanın beynəlxalq layihələrə dəstəyini bir daha sübutudur: “Cənubi Qafqazda, Ermənistanla Azərbaycan arasında 44 günlük müharibənin bitməsi regiona yeni reallıqlar və iqtisadi perspektivlər vəd edir. Azərbaycan gələcəkdə Mərkəzi Asiya ölkələrinin də Avropaya qaz tədarük edə bilməsi üçün Cənub Qaz Dəhlizi şəbəkəsinə qoşulmasını alqışlayır. Regionun tam iqtisadi inteqrasiyası və nəqliyyat dəhlizlərinin açılması gələcəkdə bölgədəki dövlətlər üçün əlavə iqtisadi imkanlar yaradacaq. Bu, bölgədəki davamlı sülh və onun sabitliyi üçün ən güclü amil ola bilər”.

Daha ətraflı: https://natoassociation.ca/european-energy-consumers-welcome-caspian-gas/