BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

Xəzərdə su səviyyəsinin azalması Rusiyanın Volqa-Don kanalını və İranla ticarət dəhlizini təhlükə altına alır

2026-11-20 17:44

BMTMM-in baş məsləhətçisi Roza Bayramlının “Xəzərdə su səviyyəsinin azalması Rusiyanın Volqa-Don kanalını və İranla ticarət dəhlizini təhlükə altına alır” başlıqlı məqaləsi nüfuzlu The Saratoga Foundation beyin mərkəzi tərəfindən dərc edilib.

Məqalədə qeyd edilir:

“Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi sahilyanı beş dövlətin hamısı üçün ciddi problemlər yaratsa da, Rusiya xüsusilə dayaz şimal sahilboyu ərazilərində bu prosesin təsirlərinə qarşı daha həssasdır. Suyun geri çəkilməsi Rusiyanın daxili su yolları ilə əlaqəliliyini pozmaqla yanaşı, Moskvanın İranla hərbi və ticarət əlaqələrini dərinləşdirmək, eləcə də digər Avrasiya bazarlarına çıxış əldə etmək istiqamətindəki daha genişmiqyaslı səylərini çətinləşdirir. Qərbin sanksiyaları cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətini getdikcə artırdığı bir şəraitdə su səviyyəsinin azalması bahalı dibdərinləşdirmə işlərinin aparılmasını zəruri edir və infrastruktur sahəsindəki darboğazları daha da kəskinləşdirir. Bu isə tranzit əlaqələrinin qorunub saxlanılması və genişləndirilməsi istiqamətindəki səylərə mane olur.

Xəzər dənizində su səviyyəsinin azalması Rusiya nəqliyyat infrastrukturu üçün xüsusi çətinliklər yaradır. Belə ki, Pol Qobl (Paul Goble) kimi Avrasiya məsələləri üzrə tanınmış ekspertlər son dövrlərdə də qeyd ediblər ki, lilləşmə prosesi Moskva üçün uzunmüddətli perspektivdə ciddi problemə çevrilir. Bu təzyiqlər Rusiyanın cənub bazarlarına etibarlı çıxışının getdikcə daha böyük əhəmiyyət kəsb etdiyi, eləcə də Moskvanın Fars körfəzində ABŞ-nin davam edən blokadası şəraitində müttəfiqi İrana dəstək göstərmək məqsədilə “Xəzər Ekspresi” vasitəsilə Tehranla ticarət və hərbi əlaqələrini gücləndirdiyi həssas bir dövrə təsadüf edir. Bununla yanaşı, Avrasiya boyunca alternativ nəqliyyat marşrutlarının inkişafı Rusiyanın fəaliyyət göstərdiyi regional mühiti də dəyişdirir.

Xəzər dənizində su səviyyəsinin azalması hidrologiya sahəsində yaranan problemlər fonunda Rusiyanın dəniz nəqliyyatı şəbəkəsi üçün getdikcə daha ciddi çağırışa çevrilir. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına görə, 2006–2024-cü illər ərzində dənizin səviyyəsi təxminən 2,5 metr aşağı düşmüşdür. Bu prosesin nəticələri xüsusilə Xəzər dənizinin şimal hissəsində daha qabarıq şəkildə özünü göstərir. Belə ki, burada suyun orta dərinliyi cəmi 5–6 metr təşkil etdiyi halda, mərkəzi hövzədə bu göstərici 192 metrə, cənub hövzəsində isə 344 metrə bərabərdir. Dərinlik göstəricilərindəki bu coğrafi fərqlər Rusiyanın Həştərxan limanını və Qazaxıstanın dəniz terminallarına aparan su yollarını gəmiçilik üçün yararlı dərinliyin azalması və dibdərinləşdirmə işlərinə artan tələbat baxımından xüsusilə həssas vəziyyətə salır.

Xəzər dənizində su səviyyəsi qeydə alınmış tarix boyunca həm azalma, həm də yüksəlmə dövrləri ilə xarakterizə olunmuşdur. Bununla belə, ekspertlər hazırkı su səviyyəsinin azalmasının əsas səbəblərindən biri kimi təbii iqlim amilləri ilə yanaşı, insan fəaliyyətinin təsirini də getdikcə daha çox önə çəkirlər. Xəzər dənizinə çaylar vasitəsilə daxil olan suyun böyük hissəsini təmin edən Volqa çayı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Rusiyada kənd təsərrüfatı məqsədilə sudan genişmiqyaslı istifadənin, eləcə də çayın axınının tənzimlənməsi və su anbarlarının istismarının Xəzər dənizinə daxil olan suyun həcminin dəyişməsinə təsiri olmuşdur. Temperaturun yüksəlməsi və buxarlanmanın artması ilə birlikdə, qeyd olunan amillər dənizdə su səviyyəsinin azalmasını daha davamlı və uzunmüddətli problemə çevirmişdir. Volqa çayının su ehtiyatlarının daha səmərəli idarə olunması ilə bağlı dəfələrlə çağırışlar səsləndirilməsinə baxmayaraq, Moskva hələ də problemin tələb olunan miqyasda həlli istiqamətində siyasi iradə nümayiş etdirməmişdir.

Rusiyanın Volqa çayı hövzəsinə müdaxiləsinin miqyası kifayət qədər böyükdür. XX əsr ərzində çay boyunca səkkiz iri su elektrik stansiyası inşa edilmiş, nəticədə Volqanın təbii axın rejimini köklü şəkildə dəyişdirən su anbarları silsiləsi yaradılmışdır. Tədqiqatlar göstərir ki, 1959-cu ildə tikintisi başa çatdırılmış Volqoqrad bəndi Volqanın aşağı axınında maksimal su sərfini təxminən 22 faiz azaltmış, eyni zamanda çöküntülərin daşınması rejimini dəyişdirərək çayın aşağı axınında ikinci dərəcəli qolların lilləşməsinə səbəb olmuşdur.

Sonrakı dövrdə Volqanın Xəzər dənizinə orta illik su axını 1991-2005-ci illərlə müqayisədə 2006-2020-ci illərdə təxminən 12 faiz azalmışdır. Bununla belə, həmin azalma həm iqlim dəyişiklikləri, həm də sudan istifadənin artması və çay axınının tənzimlənməsi də daxil olmaqla, antropogen amillərin təsiri ilə əlaqədardır.

Bəndlərin tikintisinin Xəzər dənizində su səviyyəsinin azalmasına təsirini dəqiq müəyyənləşdirmək çətin olsa da, Rusiyanın Volqa çayı üzərində həyata keçirdiyi genişmiqyaslı hidrotexniki dəyişikliklər hazırda ölkənin öz dəniz nəqliyyatı infrastrukturuna təsir göstərən təzyiqlərin artmasına töhfə vermişdir. Beləliklə, Rusiya özünün gəmiçilik imkanlarına faktiki olaraq özü zərər vuran vəziyyət yaratmışdır. Bu baxımdan, Moskvanın Xəzər hövzəsində üzləşdiyi həssaslıq müəyyən dərəcədə məhz özünün su ehtiyatlarının idarə olunması ilə bağlı qəbul etdiyi qərarların nəticəsidir.

Problemin getdikcə aktuallaşması 2026-cı ilin oktyabrında Avazada keçirilmiş ilk Xəzər Ətraf Mühit Sammitində mühüm regional reaksiyanın ortaya çıxmasına səbəb olmuşdur. Sammit çərçivəsində sahilyanı beş dövlət dənizdə su səviyyəsinin azalmasının səbəblərini müəyyənləşdirmək və onun nəticələrinin aradan qaldırılmasına yönəlmiş tədbirləri əlaqələndirmək məqsədilə xüsusi komissiyanın yaradılması barədə razılığa gəlmişlər. İlk dəfə 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş bu təşəbbüs Xəzəryanı dövlətlər arasında institusionallaşdırılmış əməkdaşlığa doğru atılmış mühüm addım kimi qiymətləndirilə bilər. Komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Bununla belə, su səviyyəsinin azalmasının səbəbləri, xüsusilə də antropogen amillərin rolu ilə bağlı mövcud fikir ayrılıqları əldə olunmuş razılaşmanın səmərəli praktiki tədbirlərə çevrilməsi prosesini çətinləşdirə bilər.

Volqa-Xəzər Gəmiçilik Kanalı bu müzakirədə xüsusi əhəmiyyət kəsb edir. Bunun əsas səbəbi kanalın Xəzər dənizini Rusiyanın geniş daxili su yolları şəbəkəsi ilə birləşdirərək ölkə üçün strateji əhəmiyyət daşımasıdır. Volqa-Don Kanalı vasitəsilə bu sistem Azov və Qara dənizlərə də çıxış imkanı yaradır. Beləliklə, sözügedən su yolu sistemi Rusiyanın ölkədaxili regionları ilə xarici bazarlar arasında nəqliyyat əlaqələrinin təmin edilməsində mühüm strateji komponent rolunu oynayır.

Nəticə etibarilə, Volqa-Xəzər marşrutu boyunca baş verə biləcək hər hansı fasilə və ya pozuntu yalnız ayrı-ayrı limanların fəaliyyətinə deyil, daha geniş və qarşılıqlı əlaqəli nəqliyyat sisteminin etibarlılığına da təsir göstərərək ciddi strateji nəticələrə səbəb ola bilər.

Bu həssaslıq 2026-cı ilin iyun ayında, Volqa-Xəzər Gəmiçilik Kanalı vasitəsilə gəmiçiliyin iyunun 19-dan 22-dək müvəqqəti dayandırıldığı zaman aydın şəkildə özünü göstərmişdir. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, Xəzər dənizində su səviyyəsinin azalması fonunda baş verən güclü yaz daşqınları, intensiv su axınları və küləklər nəticəsində kanalın təxminən 1,5 kilometrlik hissəsində çöküntülərin toplanması müşahidə edilmişdir. Məlumatlara əsasən, həmin dövrdə 75-ə yaxın gəmi keçid növbəsində gözləyirdi. Kanalın təsirə məruz qalmış hissələrində gəmiçilik üçün yararlı dərinlik layihə üzrə nəzərdə tutulmuş 4,5 metr göstəricisinə qarşı 3,2–3,7 metrədək azalmışdı.

Rusiyanın dövlətə məxsus dəniz infrastrukturunun istismarı üzrə operatoru “Rosmorport” toplanmış çöküntülərin təmizlənməsi məqsədilə əraziyə yeddi dibdərinləşdirən gəmi cəlb etmiş və kanalın təsirə məruz qalmış hissəsindən 148 min kubmetrdən artıq material çıxarmışdır. Gəmiçilik fəaliyyətinin bərpa edilməsinə baxmayaraq, bu hadisə ekoloji təzyiqlərin və infrastruktur məhdudiyyətlərinin strateji əhəmiyyətə malik nəqliyyat arteriyasının fəaliyyətində necə ciddi fasilələr yarada biləcəyini nümayiş etdirmişdir.

Bununla belə, Rusiyanın Xəzər dənizində Mahaçqala limanı kimi strateji alternativi də mövcuddur. Buz bağlamayan və dərin sulu ticarət limanı olan Mahaçqala, köhnəlmiş infrastruktur və nəqliyyat məhdudiyyətlərinin onun potensialını məhdudlaşdırmasına baxmayaraq, Həştərxan limanı ilə müqayisədə daha əlverişli gəmiçilik şəraitinə malikdir. Lakin daha mühüm məqam ondan ibarətdir ki, Mahaçqala Rusiyanın daxili su yolları ilə birbaşa əlaqəyə malik olan Həştərxan limanını tam əvəz edə bilməz. Bu isə Volqa-Xəzər nəqliyyat sisteminin bütövlükdə gəmiçilikdə yarana biləcək fasilələr qarşısında həssas vəziyyətdə qalmasına səbəb olur.

Moskva üçün əsas çağırış Rusiyanın bu nəqliyyat dəhlizlərindən asılılığının getdikcə artdığı bir şəraitdə Xəzər hövzəsindəki nəqliyyat marşrutlarının etibarlılığını və rəqabət qabiliyyətini qoruyub saxlamaqdır. Qərbin sanksiyaları Rusiyanı İranla ticarət əlaqələrini genişləndirməyə sövq etdikcə Xəzər dənizində su səviyyəsinin azalması və infrastruktur məhdudiyyətləri mövcud nəqliyyat marşrutlarının fəaliyyətini davam etdirmək, eləcə də alternativ marşrutlar inkişaf etdirmək istiqamətindəki səyləri də çətinləşdirir”.

*Məqalənin ingilis dilində dərc olunmuş mətni ilə aşağıdakı link vasitsəilə tanış olmaq mümkündür:

https://www.saratoga-foundation.org/p/02bf71ba-bfc3-4a48-adb6-ab027964a309?publication_id=3073942&post_id=225693583&utm_source=post-email-title