BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-də Vişeqrad Qrupu ölkələrindən olan nümayəndə heyəti ilə dəyirmi masa keçirilib

2019-11-28 00:00

Tədbirin açılış mərasimində çıxış edən mərkəzin sədri Fərid Şəfiyev Vişeqrad Qrupunun çox əhəmiyyətli platforma olduğunu deyib və Aİ-də özünəməxsus mövqeyi ilə seçildiyini qeyd edib. Fərid Şəfiyev daha sonra ötən ay BMTM-in Aİ-nin Bakı ofisi ilə birlikdə Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş seminar keçirdiyini əlavə edib: “Azərbaycanın Aİ ilə əməkdaşlıqla bağlı yanaşması əlaqələri bərabərhüquqlu şəkildə genişləndirmək və dərinləşdirməkdən ibarətdir. Bununla yanaşı, Azərbaycan Aİ-yə üzv olmaq niyyətində deyil. Hazırda Aİ ilə Azərbaycan yeni saziş üzərində işləyir və əlaqələr müxtəlif sahələrdə inkişaf edir”.

BMTM sədri həmçinin qeyd edib ki Şərq Tərəfdaşlığı ölkələrinin hər birinin əməkdaşlıqla bağlı öz prioritetləri mövcuddur.

Daha sonra çıxış edən Çex Respublikasının Xarici İşlər Nazirliyinin siyasi direktoru David Kaneçki bildirib ki, Vişeqrad Qrupu beynəlxalq təşkilat deyil. Onun sözlərinə görə, qrup ölkələri Aİ ilə tərəfdaş ölkələrlə müxtəlif səviyyələrdə danışıqlar aparır və bunun ən aktiv ölçülərindən biri siyasi direktorlar səviyyəsində danışıqlardır. O əlavə edib ki, nümayəndə heyəti sonuncu dəfə 4 il əvvəl regiona səfər edib və onlar artıq Ermənistan və Gürcüstanda da olublar. David Kaneçki bildirib ki, səfərin əsas məqsədi həm  regionun çağırışları ilə tanış olmaq və ölkələrin prioritetlərini öyrənmək, həm də Şərq Tərəfdaşlığı proqramının gələcəyi ilə bağlı fikir mübadiləsi aparmaqdır.

Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin siyasi direktoru İştvan Baloq çıxışında bildirib ki, Azərbaycanın Aİ üçün strateji əhəmiyyət daşıyan ölkədir. Onun sözlərinə görə, Şərq Tərəfdaşlığı  təşəbbüsü 10 il əvvəl irəli sürülüb və bunun davam etdirilməsi baxımından Aİ daxilində güclü konsensus mövcuddur. Polşa Xarici İşlər Nazirliyini siyasi direktoru Kiril Kozaçevski çıxışında Azərbaycan Şərq Tərəfdaşlığı proqramının vacib üzvlərindən biri olduğunu deyib. Onun sözlərinə görə, hazırda proqram çərçivəsində maliyyət ayırmaları müzakirə olunur və əsas prioritet bununla bağlı bərabərhüquqlu yanaşma nümayiş etdirməkdir. O əlavə edib ki, hazırda Aİ daxilində müzakirə olunan vacib məsələlər rabitə və nəqliyyat məsələləridir və Azərbaycan bu sahələrdə əhəmiyyətli rol oynayır.

Daha sonra çıxış edən Slovakiya Xarici İşlər Nazirliyinin ümumi xarici və təhlükəsizlik siyasəti üzrə  direktoru Matuş Buşovski ölkəsinin həm Aİ  çərçivəsində həm də ikitərəfli çərçivədə Azərbaycanla əlaqələr önəm verdiyini və bu gün ölkəsinin Azərbaycanda səfirliyinin açılmasının bunun göstəricisi olduğunu qeyd edib.