BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

"Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda konfrans keçirilib

2024-04-22 18:25

22 aprel 2024-cü il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycanın hökumət rəsmiləri ilə yanaşı, millət vəkilləri və Çin Xalq Respublikasından nüfuzlu beyin mərkəzləri və akademik institutların nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev ilk dəfə Azərbaycan-Çin münasibətlərinin ikitərəfli qaydada müzakirə ediləcəyini, həmçinin regionda cərəyan edən son geosiyasi proseslərin diqqətə alınacağını vurğuladı.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov çıxışında iki ölkənin münasibətlərində üst-üstə düşən məqamlara toxunub. O deyib ki, Azərbaycan-Çin münasibətləri dərin tarixi əlaqələrə əsaslanır:

“Münasibətlərimizin tarixi 2500 il əvvələ, qədim İpək Yolu zamanına gedib çatır. Bizim ümumi cəhətlərimiz var. Hər iki ölkənin siyasətində ümumi tarixi prioritetlərin inkişafı əsas götürülür. İki ölkə ərazi bütövlüyü məsələsinə xüsusi önəm verir. Tayvan məsələsində Azərbaycan öz mövqeyini bəyan edib. Çin də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini daim dəstəkləyib, BMT Təhlükəsizlik Şurasında suverenliyin əsas götürülməsində mövqeyini ifadə edib".

Azərbaycanın "Bir kəmər və bir yol" layihəsini dəstəklədiyini bildirən E. İskəndərov ölkəmizin inkişaf edən nəqliyyat habının bu layihəyə öz töhfəsini verəcəyini diqqətə çatdırıb:

"Bakı-Tbilisi-Qars layihəsi Azərbaycandan keçməklə, dünyaya müxtəlif təyinatlı yüklərin göndərilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Hesab edirəm ki, hər iki ölkə mövcud əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir".

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi kimi öz ərizəsini təqdim etdiyini deyən səfir bütün bunların perspektivdə böyük inkişaf vəd etdiyini qeyd edib.

Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao ölkələrimiz arasında genişlənən praktiki əməkdaşlıqdan danışıb. Çin və Azərbaycanın bir çox məsələlərə münasibətdə ortaq mövqe sərgilədiyini qeyd edən diplomat ölkəsinin Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsini dəstəklədiyini diqqətə çatdırıb.

“ "Bir kəmər, bir yol"un "Transxəzər"lə birləşdirilməsi davam edir. İki ölkə arasında alternativ enerji ilə bağlı əməkdaşlıq davam edir. Azərbaycan Çində 5 ticarət evi açıb. Ötən il ticarət dövriyyəsində rekord, 43 faiz artım qeydə alınaraq, 3,1 milyard ABŞ dolları təşkil edib. Turizm sahəsində də əlaqələr artır".

Daha sonra  “Qlobal və regional dinamika: Azərbaycan və Çindən baxış”, " “Kəmər və Yol” təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu arasında potensial sinerji”, “Azərbaycan və Çin arasında qarşılıqlı fayda naminə əməkdaşlıq: iqtisadi, mədəni və insanlararası mübadilələr” mövzularında panel iclaslar keçirildi.

Konfrans çərçivəsində iştirakçıların Dağüstü Park, Heydər Əliyev Mərkəzi, İçərişəhər, Heydər Əliyev Mərkəzi, Qobustan və Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfərləri təşkil edilib.