BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Regional gərginlik fonunda Azərbaycanın strateji balans siyasəti

2026-03-16 11:15

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Regional gərginlik fonunda Azərbaycanın strateji balans siyasəti” adlı məqaləsi “The Liberum” nəşrində dərc edilib.

Məqalədə qeyd edilir:

“Son dövrdə Azərbaycan və İran arasında baş verən hadisələr, Orta Şərqdə genişlənən münaqişənin regionda nə qədər asanlıqla sabitliyi poza biləcəyini göstərir. Martın 5-də İran istehsalı bir neçə pilotsuz uçuş aparatı (PUA) Naxçıvana  zərbə endirmiş, Naxçıvan Beynəlxalq Hava Limanında infrastrukturun zədələnməsinə və dərs vaxtı bir orta məktəb yaxınlığında partlayışın baş verməsinə səbəb oldu.

Azərbaycan rəsmiləri bu hadisəni terror aktı kimi qiymətləndirdi və PUA-ların İran ərazisindən göndərildiyini bildirib. Hadisə dərhal Bakıda narazılığa səbəb oldu və İran-İsrail münaqişəsinin Orta Şərqin şimal sərhədlərində yeni bir cəbhə açması ehtimalı ilə bağlı narahatlıqlara səbəb oldu.

İnsident İran-İsrail gərginliyi zamanı Azərbaycan­ın neytrallığını qorumaq üçün diqqətli addımlarına baxmayaraq baş verdi. Azərbaycan rəsmiləri dəfələrlə ölkənin ərazisinin və hava məkanının qonşu dövlətlərə qarşı hücumlar üçün istifadə edilməsinə imkan verilməyəcəyini vurğulayıb. Rəsmi Bakı bu mövqeyini açıq şəkildə bəyan edib və öz siyasətinin qonşularla sülh və yaxın münasibətlərə əsaslandığını dəfələrlə bəyan edib.

Buna baxmayaraq, İran rəsmiləri və İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı media orqanları 2025-ci ildə iki ölkə arasında baş vermiş on iki günlük müharibə zamanı da Azərbaycanın İsrailə yardım etdiyini iddia edirdilər. Bu cür narrativlər tədricən ritorik ittihamlardan Bakıya qarşı daha açıq qarşıdurma siyasətinə bəraət qazandıran arqumentlərə çevrildi.

Yəni dron hücumları iki qonşu arasında onsuz da kövrək olan münasibətlər fonunda baş verib. Son illərdə gərginlik artmaqda idi və bu, əsasən İranın Azərbaycanın İsrail ilə sıx strateji əməkdaşlığı və 44 günlük müharibədən sonra baş verən geosiyasi dəyişikliklərlə bağlı narahatlıqlarından irəli gəlirdi.

Azərbaycan 2020-ci ildə əraziləri üzərində nəzarəti bərpa etdikdən və 2023-cü ildəki lokal xarakterli antitterror tədbirləri vasitəsilə bu nəticəni möhkəmləndirdikdən sonra regional balans əhəmiyyətli dərəcədə dəyişdi və bu da daha kəskin ritorikaya və Azərbaycan-İran sərhədi boyunca hərbi siqnalların artmasına səbəb oldu.

Postsovet dövründə ilk dəfə olaraq, İran 2021-ci ilin oktyabrın əvvəlində Azərbaycanla sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirdi və 2022-ci ilin oktyabr ayında da oxşar təlimləri təkrarladı. İranın şimal-qərbində yerləşdirilən tanklar, helikopterlər və artilleriyadan ibarət bu manevrlər güc nümayişi kimi şərh edildi. Sözügedən təlimlər Tehranın Azərbaycanın İsrail ilə artan tərəfdaşlığından narahatlığını, eləcə də, Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr kontekstində mümkün regional sərhəd dəyişiklikləri ilə bağlı narahatlığını əks etdirirdi.

5 mart hadisəsinin ciddiliyinə baxmayaraq, hər iki tərəf daha dərin eskalasiyanın qarşısını almaq üçün çevik davrandı. İran rəsmiləri dron hücumunun onlar tərəfindən törədildiyini inkar etdi və PUA zərbəsi ilə bağlı istintaq aparılacağını bəyan etdi.

Azərbaycan tərəfi ilə aparılan telefon danışıqları zamanı İran nümayəndələri hücumların İran ərazisindən baş vermədiyini bildirərək Tehranın qonşu dövlətlərin suverenliyinə hörmət etdiyini və Azərbaycanla qarşıdurma istəmədiklərini vurğuladılar. Öz növbəsində, rəsmi Bakı açıqlama və məsuliyyət tələb etmiş, lakin dərhal əks-hücuma səbəb ola biləcək addımlardan çəkinmişdir.

Azərbaycan, həmçinin gərginliyin azaldılmasına yönəlik diplomatik addımlar atdı. Hadisədən qısa müddət sonra Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı apararaq vəziyyəti müzakirə etdi. Bir qədər sonra Azərbaycan İrana humanitar yardım göndərmiş, təxminən 30 ton ərzaq və tibbi ləvazimat çatdırmışdı. Humanitar yardım göndərilməsi böhrana baxmayaraq, Bakının cənub qonşusu ilə əməkdaşlıq münasibətlərini qorumaq niyyətini nümayiş etdirir.

Bu addımlar Azərbaycanın xarici siyasətində daha geniş bir modeli əks etdirir. Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazandıqdan sonra Azərbaycan rəqabət aparan geosiyasi aktyorlarla balanslı münasibətləri qorumaq strategiyasını həyata keçirib.

Sabiq Prezident Heydər Əliyev bu yanaşmanı ilk dəfə 1990-cı illərdə formalaşdırıb. Həmin dövrdə mürəkkəb regional mühit və Ermənistanla hələ də həll olunmamış ərazi münaqişəsi ilə üzləşən Heydər Əliyev xarici siyasətdə əsas güclərlə konstruktiv əlaqələri qorumağa, eyni zamanda heç bir geosiyasi blokla birləşməməyə əsaslanan doktrinanı təşviq etmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında bu strategiya davam etdirilib. Azərbaycan həm Qərb liderliyindəki inteqrasiya strukturlarına, həm də Rusiyanın dominant olduğu təşkilatlara qoşulmayıb, əvəzində çevik ikitərəfli tərəfdaşlıqlar qurmağı seçib”.

*Məqalənin ingilis dilində dərc edilən bütöv mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://theliberum.com/azerbaijans-strategic-balancing-act-amid-regional-turbulence/