Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur və hazırda tərəflər arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də enerji təhlükəsizliyi kontekstində strateji xarakter almaqdadır. Xüsusilə son illərdə regional geosiyasi reallıqların dəyişməsi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və qlobal enerji bazarlarında baş verən transformasiyalar bu münasibətlərin yeni mərhələyə keçməsini şərtləndirmişdir. 2026-cı ilin martında Aİ səviyyəsində verilmiş rəsmi mesajlarda Azərbaycan “strateji əhəmiyyətli tərəfdaş” kimi təqdim olunur; vurğular enerji təhlükəsizliyi, tədarükün şaxələndirilməsi və Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi durum fonunda dialoqun aktuallaşması üzərində qurulur . Mövcud mərhələdə Azərbaycan-Aİ əlaqələri daha çox qarşılıqlı maraqlara əsaslanan praqmatik əməkdaşlıq modeli kimi xarakterizə olunur və perspektivdə bu əlaqələrin dərinləşməsi üçün geniş imkanlar mövcuddur.
Qeyd edək ki, Azərbaycan ilə Aİ arasında münasibətlərin hüquqi bazasını 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Sonrakı dövrdə tərəflər arasında yeni, daha genişmiqyaslı saziş üzrə danışıqlar aparılmış və əməkdaşlıq sahələri əhəmiyyətli dərəcədə genişlənmişdir. Həmçinin, 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədi münasibətlərin sektor gündəliyini konkretləşdirən, dəyərlər və beynəlxalq hüquq prinsipləri (o cümlədən suverenlik və ərazi bütövlüyü) üzərində qurulan ortaq niyyət sənədi kimi çıxış edir. Xüsusilə enerji sahəsində əməkdaşlığı bu münasibətlərin əsas sütunlarından biri hesab etmək olar. Avropa İttifaqı üçün Azərbaycan etibarlı enerji tərəfdaşıdır. 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum Azərbaycan qazının Avropa bazarına nəqlinin artırılmasını nəzərdə tutur. Bu kontekstdə Cənub Qaz Dəhlizi layihəsi xüsusi əhəmiyyət daşıyır və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Enerji əməkdaşlığının dinamikası rəqəmlərdə də görünür. 2025 - ci ildə, Azərbaycanın ümumilikdə 25 milyard kubmetr tədarük etdiyi qazın 13 milyard kubmetri Avropa İttifaqı ölkələrinə ixrac edilmişdir. Bu göstərici 2021 - ci illə müqayisədə Azərbaycan qazının Aİ ölkələrinə ixracının 60 % - ə yaxın artdığını təsdiq edir . Eyni zamanda, Azərbaycan Aİ ilə nəqliyyat, rəqəmsallaşma, ticarət və institusional islahatlar sahələrində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Xüsusilə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsi Azərbaycanın Aİ üçün logistik əhəmiyyətini artırır. Onu da əlavə edək ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Belə ki, ölkənin ticarət dövriyyəsinin 50 % i Aİ ölkələri ilə bağlıdır .
Son illərdə baş verən geosiyasi hadisələr də Azərbaycanın Aİ üçün strateji əhəmiyyətini xeyli dərəcədə artırmışdır. Xüsusilə Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropanın enerji təhlükəsizliyi məsələsi prioritet məsələyə çevrilmişdir. Bu şəraitdə Azərbaycan alternativ enerji mənbəyi kimi ön plana çıxmışdır. Digər tərəfdən, Yaxın Şərqdə baş verən gərginliklər və münaqişələr qlobal ticarət marşrutlarına təsir göstərmişdir. Bu isə Azərbaycanın tranzit ölkə kimi rolunu gücləndirmişdir. Azərbaycanın geostrateji mövqeyi (Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ) və proqnozlaşdırılan, stabil siyasət həyata keçirməsi onu Aİ üçün əvəzolunmaz tərəfdaşa çevirir.
Bir vacib məqamı da əlavə edək ki, perspektivdə tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur və bu imkanların reallaşdırılması hər iki tərəf üçün mühüm dividendlər vəd edir. Ümumiyyətlə, Azərbaycan-Aİ münasibətlərinin perspektiv inkişafı üçün bir sıra prioritet sahələr mövcuddur:
1. Enerji və yaşıl enerji keçidi - Azərbaycanın bərpa olunan enerji potensialı, xüsusilə Xəzər dənizində külək enerjisi imkanları Aİ ilə əməkdaşlıq üçün geniş perspektivlər açır. Bu, Aİ-nin “yaşıl keçid” strategiyası ilə də uzlaşır.
2. Nəqliyyat və logistika - Orta Dəhliz vasitəsilə Avropa ilə Asiya arasında alternativ və daha təhlükəsiz ticarət marşrutunun formalaşdırılması tərəflər üçün qarşılıqlı fayda yaradır.
3. Rəqəmsal iqtisadiyyat və innovasiya - rəqəmsal transformasiya, startap ekosisteminin inkişafı və texnologiya transferi sahəsində əməkdaşlıq genişləndirilə bilər.
4. Təhsil və humanitar sahə - akademik mübadilə proqramlarının artırılması və elmi əməkdaşlıq münasibətlərin sosial əsaslarını gücləndirə bilər.
5. Təhlükəsizlik və sabitlik - regionda sülh və sabitliyin təmin olunması, xüsusilə post-münaqişə dövründə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Bu yerdə onu da qeyd edək ki, 2026-cı ilin 11-12 mart tarixlərində Avropa İttifaqı Şurası prezidenti Antonio Koştanın Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlər keçirmiş, tərəflər siyasi dialoq, enerji əməkdaşlığı, regional təhlükəsizlik və iqtisadi əlaqələrin genişləndirilməsi kimi məsələləri müzakirə etmişlər. Liderlərin birgə bəyanatından aydın oldu ki, Aİ - Azərbaycan perspektivdə iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və digər vacib sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər. Avropa İttifaqının “Global Gateway” təşəbbüsü çərçivəsində həyata keçirilən layihələr də Azərbaycan iqtisadiyyatına investisiya axınının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu layihələr nəqliyyat və logistika infrastrukturu, xüsusilə də regional əlaqələndirmə baxımından yeni imkanlar yaradır.
Koştanın Azərbaycana səfərinin diqqət çəkən aspektlərindən biri də səfərin regionda artan təhlükəsizlik riskləri fonunda baş tutmasıdır. Son dövrlərdə Yaxın Şərqdə başlanan yeni müharibə və bütövlükdə bölgədə baş verən mürəkkəb geosiyasi proseslər regional təhlükəsizlik məsələlərini daha da aktuallaşdırmışdır. Avropa İttifaqı rəhbərliyi Bakıda keçirilən görüşlər zamanı Azərbaycanın üzləşdiyi təhlükəsizlik problemlərini diqqətə alaraq ölkəyə siyasi dəstəyini ifadə etmişdir . Bu kontekstdə Koştanın səfəri həm də Avropa İttifaqının Azərbaycana siyasi dəstəyinin ifadəsi kimi qiymətləndirilə bilər.
Azərbaycan regionda müstəqil və balanslı xarici siyasət yürüdən dövlət kimi tanınır. Bu siyasətin əsas məqsədlərindən biri də regionda davamlı sülhün, əməkdaşlığın və iqtisadi inkişafın təmin olunmasıdır. Cənubi Qafqazda sabitliyin bərqərar olması Avropa İttifaqının da strateji maraqlarına uyğundur. Bu baxımdan Azərbaycan ilə Aİ arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, eyni zamanda regional sabitliyin möhkəmləndirilməsinə də xidmət edir. Koşta Bakıda keçirilən görüşlər zamanı Avropa İttifaqının Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasına dəstək verdiyini xüsusi vurğulamışdır.
Bütün bunlarla bərabər, nəticə olaraq qeyd edə bilərik ki, Azərbaycan Aİ ilə münasibətlərdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır və bu kontekstdə Aİ - dən bir sıra gözləntiləri də var :
• Post-münaqişə dövründə daha balanslı yanaşma - Azərbaycan gözləyir ki, Aİ regionda sülh və bərpa proseslərinə daha obyektiv və balanslı yanaşsın.
• Bərpa və yenidənqurma prosesində iştirak - Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında Aİ-nin daha fəal iştirakı gözlənilir. Hazırda Aİ-nin bu istiqamətdə aktiv iştirak etməməsi diqqət çəkir, halbuki Ermənistana İkinci Qarabağ müharibəsindən sonra göstərilən genişmiqyaslı maliyyə yardımları müəyyən disbalans yaradır.
• İqtisadi və texnoloji əməkdaşlığın genişləndirilməsi - investisiyaların artırılması və texnologiya transferi Azərbaycanın prioritetlərindəndir.
• Viza rejiminin sadələşdirilməsi - insanlararası əlaqələrin inkişafı üçün bu istiqamətdə irəliləyiş vacibdir.
Bu gözləntilərin reallaşması Azərbaycan-Aİ münasibətlərinin daha da möhkəmlənməsinə və uzunmüddətli strateji tərəfdaşlığın formalaşmasına töhfə verə bilər.


