BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Azərbaycan Pakistan və Türkiyə ilə üçtərəfli əməkdaşlığı gücləndirir

2024-07-26 09:48

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Azərbaycan Pakistan və Türkiyə ilə üçtərəfli əməkdaşlığı gücləndirir” sərlövhəli məqaləsi Ceymstaun Fondunun “Eurasia Daily Monitor” nəşrində dərc edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 11-12 iyul tarixlərində Pakistana dövlət səfərinin təfərrüatlarına toxunan V. Hüseynov səfərdən öncə dövlət başçımızın Pakistan Baş naziri və Türkiyə Prezidenti ilə keçirdiyi üçtərəfli görüşün əhəmiyyəti barədə məlumat verir. Müəllif qeyd edir ki, bu görüş parlamentlərarası və nazirliklər səviyyəsində olan üçtərəfli əməkdaşlığın dövlət başçıları səviyyəsinə qaldırılması istiqamətində mühüm dönüş nöqtəsidir.

“Prezident İlham Əliyevin İslamabada səfəri və iyulun əvvəllərində Azərbaycan, Pakistan, Türkiyə arasındakı üçtərəfli görüş tərəflər arasında müxtəlif sahələrdə artan əməkdaşlığı önə çəkir. Bakı-Ankara münasibətləri müdafiə, təhlükəsizlik, ticarət, investisiyalar və enerji məsələlərində yaxın tərəfdaşlıq səviyyəsinə qədər inkişaf edib. Azərbaycan və Pakistan əsasən siyasi əlaqələr qursalar da, ticarət və hərbi sahədə də əməkdaşlığın gücləndirilməsi niyyətindədirlər”.

V. Hüseynov qeyd edir ki, bu güclənən əməkdaşlıq İran, Ermənistan və Hindistan arasında artan əlaqələrə qarşı güc mərkəzi kimi çıxış edəcək.

“Prezident İlham Əliyevin İslamabada səfəri və ilk üçtərəfli görüş siyasi ittifaqları gücləndirməklə yanaşı, ticarət, tranzit əməkdaşlığı və müdafiə tərəfdaşlıqları üçün də əhəmiyyətli inkişafa yol açdı”,-deyə müəllif yekunda diqqətə çatdırır.

*Aşağıdakı linkə keçid edərək məqalə ilə ətraflı tanış olmaq mümkündür:

https://jamestown.org/program/azerbaijan-strengthens-trilateral-cooperation-with-pakistan-and-turkiye/