BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Ermənistan – Azərbaycan sülh prosesi: cari vəziyyət və gözləntilər kontekstində

2026-03-16 11:01

Cənubi Qafqaz regionu son onilliklər ərzində beynəlxalq təhlükəsizlik gündəliyinin mühüm mövzularından biri olmuşdur. Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişə 2020-ci ildə baş verən və regionda yeni reallıqlar yaradan müharibə ilə başa çatmışdır. Müharibədən sonrakı dövrdə Azərbaycanın təşəbbüsü ilə tərəflər arasında sülh prosesi başlamış və xüsusilə son bir il ərzində bu prosesdə nəzərəçarpacaq müsbət dinamika müşahidə olunmuşdur. Sülh danışıqları regionun uzunmüddətli sabitliyi üçün həlledici əhəmiyyət daşıyır. Bununla yanaşı, mövcud geosiyasi və daxili siyasi faktorlar sülh prosesinin gedişinə birbaşa təsir göstərməkdədir. Son aylarda əldə olunan irəliləyişlər tərəflər arasında faktiki olaraq yeni regional reallığın formalaşdığını göstərsə də, hüquqi baxımdan sülh müqaviləsinin imzalanmaması və regionda (Ermənistanda) revanşizm meyillərinin mövcudluğu sülh prosesinə neqativ təsir göstərməkdədir.
Əvvəldə də qeyd etdiyimiz kimi 2024–2025-ci illər ərzində Ermənistan və Azərbaycan arasında sülh prosesində müəyyən müsbət dinamika müşahidə edilmişdir. Diplomatik səviyyədə aparılan danışıqların intensivləşməsi və müxtəlif beynəlxalq platformalarda keçirilən görüşlər tərəflərin sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyiş əldə etməyə çalışdığını göstərir. Bu dövrdə tərəflər arasında sülh müqaviləsinin mətni üzərində aparılan danışıqlar nəticəsində sənəd razılaşdırılmış və sülh müqaviləsi paraflanmışdır. Diplomatik proses çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər bu dinamikanın əsas göstəricilərindən biri hesab olunur. Liderlər səviyyəsində 2025 - ci ilin iyulunda keçirilən Əbu-Dabi görüşü və xüsusilə, ABŞ - ın timsalında beynəlxalq tərəfdaşın iştirakı ilə 2025- ci ilin avqustunda təşkil olunan Vaşinqton sammiti sülh prosesinin irəliləməsinə mühüm töhfə vermişdir. Bu görüşlər tərəflərin dialoqu davam etdirməyə və regional sabitliyin təmin olunmasına dair siyasi iradə nümayiş etdirdiyini göstərir. Ümumiyyətlə, Vaşinqton sammitini sülh prosesində əsas dönüş nöqtəsi hesab etsək yanılmarıq. Sammitdə əldə olunmuş razılaşmalar bir neçə istiqamətdə mühüm əhəmiyyət kəsb etmişdir : sülh müqaviləsinin mətninin paraflanması; ərazi bütövlüyünün qarşılıqlı tanınmasının bir daha təsdiqi ; güc tətbiqindən imtina öhdəliyinin yazılı şəkildə təsbit olunması ; nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə konkret yol xəritəsinin müəyyənləşdirilməsi ; sərhəddə insidentlərin qarşısının alınması mexanizmlərinin formalaşdırılması. Sammitdə həmçinin keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Qrupunun və onunla əlaqəli strukturların hüquqi mövcudluğuna son qoyulması istiqamətində konkret addım atılmışdır.
Bir sıra analitiklər qeyd edirlər ki, son zamanlar danışıqların formatı daha çox birbaşa ikitərəfli təmaslara əsaslanmağa başlamışdır ki, bu da tərəflərin problemlərin həllində daha böyük məsuliyyət götürdüyünü göstərir. Bu yanaşma vasitəçilərin rolunu azaltmadan tərəflərin özləri arasında daha praktik həll yollarının tapılmasına imkan yaradır . Sülh prosesində əldə olunan irəliləyişlər yalnız diplomatik müstəvidə deyil, həm də iqtisadi və humanitar sahələrdə yeni əməkdaşlıq imkanlarının yaranmasına səbəb olmuşdur. Xüsusilə Vaşinqton sammitindən sonra tərəflər arasında iqtisadi, logistika və enerji sahələrində potensial əməkdaşlıq perspektivləri daha çox müzakirə olunmağa başlanmışdır və konkret addımlar atılmışdır. Qısa olaraq bəzi faktlara nəzər salaq. İki ölkə arasında tranzit əlaqələrinin açılmasının ilk nümunəsi kimi 2025-ci ilin oktyabrında Qazaxstan taxılının Azərbaycan ərazisi ilə Ermənistana çatdırılmasıdır. Ermənistan baş nazirinin ofisi bunu regional kommunikasiyaların açılması və etimadın institusionallaşması üçün “böyük əhəmiyyətli addım” adlandırmışdır . Sonradan Azərbaycan üzərindən Ermənistana yükdaşımalar davamlı prosesə çevrildi. Paralel olaraq son aylarda iki ölkə arasında enerji-ticarət xətti də açılıb. Rəsmi məlumata görə 2025-ci ildə Azərbaycandan Ermənistana ixracın dəyərinin 788 800 ABŞ dolları olduğu və əks istiqamətdə ixracın qeydə alınmadığı bildirilir  . Bu göstərici hələ ki ümumi ticarət dövriyyəsi miqyasında kiçikdir, lakin “sıfırdan sonra ilk rəqəm” kimi siyasi əhəmiyyət daşıyır.
Sülh prosesinin mühüm istiqamətlərindən biri TRİPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp marşurutu) layihəsinin reallaşması ilə bağlı praktiki işlərin görülməsidir. Bu layihə regionda nəqliyyat, enerji və logistika infrastrukturunun inteqrasiyasını nəzərdə tutur. Bütövlükdə, regionda kommunikasiya xətlərinin açılması perspektivi Cənubi Qafqazın beynəlxalq nəqliyyat və enerji marşrutlarında rolunu daha da artırmaq potensialına malikdir. Bu baxımdan Ermənistan və Azərbaycan arasında mümkün nəqliyyat və logistika əməkdaşlığı regionun iqtisadi inteqrasiyasına töhfə verə bilər .
Bundan əlavə, son aylarda iki ölkə arasında vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil edilməsi də diqqətəlayiq inkişaflardan biridir. Hər iki ölkənin ictimai sektor nümayəndələri arasında dialoqun təşviqi uzunmüddətli sülhün formalaşmasında, etimad mühitinin yaranmasında mühüm rol oynaya bilər. Belə təşəbbüslər tərəflər arasında etimadın bərpasına xidmət edir və münaqişədən sonrakı dövrdə yeni əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır.
Sülh müqaviləsinin hələ imzalanmamasına baxmayaraq, regionda faktiki olaraq yeni təhlükəsizlik reallığı formalaşmışdır. Son dövrdə Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi toqquşmaların baş verməməsi və diplomatik dialoqun davam etməsi regionda nisbi sabitliyin yaranmasına səbəb olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında bu reallığa diqqət çəkərək qeyd etmişdir ki, hazırda regionda faktiki sülh mövcuddur və tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində real imkanlar yaranmışdır . Bu kontekstdə regionda yaranmış yeni geosiyasi vəziyyət Cənubi Qafqazın gələcək inkişafı üçün mühüm fürsətlər yaradır. Sülh müqaviləsinin imzalanması isə bu faktiki sabitliyin hüquqi və institusional əsaslarını formalaşdıracaq əsas addım hesab olunur.
Mövcud müsbət dinamika ilə yanaşı, sülh müqaviləsinin imzalanmasına mane olan əsas siyasi və hüquqi maneələrdən biri Ermənistanın konstitusiyası ilə bağlıdır. Azərbaycan tərəfinin mövqeyinə görə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqəli müddəaların mövcudluğu iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün ciddi hüquqi problem yaradır. Bu müddəalar dəyişdirilmədiyi halda imzalanacaq hər hansı sülh sənədinin davamlılığı və hüquqi legitimliyi sual altında qala bilər. Bu səbəbdən Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında müvafiq dəyişikliklərin edilməsini vacib şərt kimi irəli sürür. Bir sıra beynəlxalq təhlilçilərin də fikrincə, bu dəyişikliklərin həyata keçirilməsi iki ölkə arasında münasibətlərin tam normallaşması üçün əsas addımlardan biri olacaqdır .
Sülh prosesinə təsir edən əsas risklərdən biri də Ermənistan daxilində mövcud olan daxili siyasi dinamika ilə bağlıdır. Xüsusilə revanşist siyasi qüvvələrin aktivliyi regionda əldə olunmuş nisbi sabitlik üçün potensial təhlükə kimi qiymətləndirilir. Ermənistanda bu ilin iyununda keçiriləcək növbəti parlament seçkiləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Əgər revanşist və radikal siyasi qüvvələr hakimiyyətə gələrsə, bu, Ermənistan-Azərbaycan sülh prosesinin pozulması riskini artıraraq regionda yeni gərginlik dalğasına səbəb ola bilər. Buna görə də qlobal və regional aktorların sülh prosesini dəstəkləməsi və tərəflər arasında dialoqun davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Uzunmüddətli sabitlik yalnız siyasi kompromis və regional əməkdaşlıq vasitəsilə mümkün ola bilər.
Beləliklə, nəticə olaraq qeyd edə bilərik ki, son bir il ərzində Ermənistan və Azərbaycan arasında sülh prosesində nəzərəçarpacaq müsbət irəliləyişlər əldə olunmuşdur. Diplomatik dialoqun intensivləşməsi, yüksək səviyyəli görüşlərin keçirilməsi, ciddi razılaşmaların əldə olunması və iqtisadi-humanitar, logistik əlaqələrin formalaşması regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına, davamlı sülhün formalaşmasına şərait yaratmışdır. Bununla yanaşı, sülh prosesinin vacib komponenti olan sülh müqaviləsinin imzalanması üçün bəzi fundamental siyasi və hüquqi məsələlərin həlli zəruridir. Xüsusilə Ermənistan konstitusiyasında mövcud olan müddəalar bu prosesin qarşısında duran əsas maneələrdən biri olaraq qalır. Həmçinin, bu ilin iyun ayında keçiriləcək seçkilər fonunda Ermənistan daxilində revanşist siyasi qüvvələrin fəallaşması və onların seçkilərdə uğur əldə etməsi ehtimalı sülh prosesinə ciddi təhdidlər yaradır. Sülh gündəliyinin daxili siyasi mübarizənin alətinə çevrilməsi normallaşma dinamikasını zəiflədə və əldə edilmiş etimadı sarsıda bilər. Bu baxımdan sülhün davamlılığı yalnız hökumətlərarası razılaşmalarla deyil, həm də daxili siyasi konsensusun formalaşması ilə bağlıdır. Bütün çətinliklərə baxmayaraq, regionda faktiki sülh mühitinin formalaşması Cənubi Qafqazın gələcəyi üçün mühüm perspektivlər açır. Bu dinamikanın qorunması və sülh müqaviləsinin imzalanması ilə möhkəmləndirilməsi həm regional sabitlik, həm də iqtisadi inkişaf baxımından həlledici əhəmiyyət daşıyır.

*Məqalənin ingilis dilində dərc olunmuş mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://dailybaku.az/en/article/en-1773416888705