BMTM-in nümayəndə heyəti Serbiyanın Belqrad şəhərində Union-Nikola Tesla Universiteti və Serbiyanın Siyasi Tədqiqatlar İnstitutu tərəfindən təşkil olunan “Qərbi Balkanlarda enerji geosiyasəti: çağırışlar və imkanlar” adlı beynəlxalq konfransda iştirak edib.
BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki proseslər və transatlantik məkanda baş verən transformasiyalar beynəlxalq nizamda dəyişikliklərə gətirib çıxara bilər.
F. Şəfiyev Balkan və Cənubi Qafqaz bölgələrində maraqlı tərəflərin- ənənəvi və yeni aktorların təsirləri ilə bağlı danışdı.
Balkan ölkələrində Avropa İttifaqına üzvlüklə bağlı fərqli mövqelərin olduğunu bildirən BMTM sədri qeyd etdi ki, Azərbaycanda Avropa İttifaqına üzvlüklə bağlı müzakirələr aparılmır:
“Eyni zamanda, biz bərabərhüquqlu tərəfdaşlığı ehtiva edən sənəd üzərində çalışırıq. İlk sənəd 1990-cı illərdə imzalanıb, lakin prosesdə pozuculuq fəaliyyəti göstərən bəzi tərəflərin, məsələn Fransanın ortaya qoyduğu yanaşmalara görə razılığa gəlməklə bağlı müəyyən çətinliklər yaşanır. ABŞ-nin yeni adminstrasiyasının mövqeyinin necə olmasından asılı olmayaraq Avropa öz enerji təhlükəsizliyi üzərində düşünməli olacaq. Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olmayaraq, Aİ-Rusiya münasibətləri 2022-ci ildən öncəki səviyyəyə çata bilməyəcək. Belə olan halda, Aİ-nin daha çox enerji resurslarına ehtiyacı olacaq. Azərbaycan müəyyən miqdarda bu ehtiyacı qarşılamağa hazırdır. Bununla belə, Azərbaycan Serbiya, Bolqarıstan kimi Balkan ölkələrinin enerji təchizatında müəyyən rol oynaya bilər”.
Cənubi Qafqazda vəziyyətə toxunan F. Şəfiyev bildirdi ki, Avropa İttifaqı Gürcüstan, Ukrayna və Moldovanın nümunəsində ərazi bütövlüyü prinsipini dəstəkləsə də, Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirib.
“Azərbaycan artıq ərazi bütövlüyü və suverenliyini bərpa edib. Ən əsası, ərazisində üçüncü dövlətə məxsus hərbi qüvvələr mövcud deyil. Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq üçün tarixi imkanlar yaranıb. Ermənistan Baş naziri Nikol Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı son açıqlamalarına baxsaq, müəyyən müsbət elementlərin şahidi oluruq. Bu, bizim haqlı tələbimizdir - yeni konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları yer almayacaq”.
Fərid Şəfiyev Belfast sazişi, Şimali Makedoniya nümunəsində oxşar beynəlxalq təcrübələrin müsbət nəticələrini vurğulayıb.
F. Şəfiyev bildirdi ki, hərtərəfli sülh sazişinə nail olduqdan sonra üçtərəfli əməkdaşlıq üçün imkanlar yaranacaq. Lakin realizm nəzəriyyəsinin əsaslarını da unutmaq olmaz:
“Regionda maraqları olan Rusiya, Türkiyə və İran var. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3+3 əməkdaşlıq formatını təklif ediblər. Avropa İttifaqı regionda maraqları olan tərəfdir. Lakin qurum Cənubi Qafqaza münasibətində dəyişikliklər etməlidir”.
Həmçinin, BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev Azərbaycanın enerji siyasəti, yaşıl enerjiyə keçid məsələləri, bu istiqamətdə icra etdiyi regional layihələr barədə geniş təqdimatla çıxış etdi.