Martın 17-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Pakistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Pakistan bu gün” adlı seminar keçirilib. Tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev açılış nitqi ilə çıxış edərək Pakistanın Azərbaycanın strateji tərəfdaşı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Fərid Şəfiyev rəhbərlik etdiyi Mərkəzin Pakistanın düşüncə mərkəzləri ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.
Daha sonra Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ölkəsi haqqında təqdimatla çıxış edib. O bildirib ki, dünyada Pakistan haqqında kifayət qədər yanlış informasiyalar yayılır, Qərb mediası Pakistanı təhrif edir. Onun sözlərinə görə, hazırda Pakistanın yeni daxili siyasətində əsas prioritet ədalətli iqtisadi təhlükəsizliyə əsaslanan sosial dövlətin inkişaf etdirilməsidir. Səfir bildirib ki, ölkəsi həmçinin qonşuları ilə dinc münasibətlərin qurulması siyasətini hədəfləyir və bağlantı və tərəfdaşlığın inkişafını prioritet seçib.
Bilal Haye Azərbaycanla yüksək səviyyəli əməkdaşlığa toxunaraq Azərbaycan hökumətini Pakistan bazarına, xüsusən də İT sektoruna investisiya qoymağa dəvət edib. Səfir Pakistanla Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsi üçün müdafiə sahəsində, iqtisadi sahədə, turizm, təhsil və insanlararası münasibətlərin inkişafı sahəsində əlaqələri vacib hesab edir: “Mən Azərbaycanla investisiya və ikitərəfli ticarət sahəsində böyük fürsət görürəm. Pakistan şirkətləri həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində iştirak etməyi səbirsizliklə gözləyirlər”,- deyə səfir vurğulayıb.
Əlaqələrin inkişafında birbaşa uçuşların təşkilinin vacibliyini qeyd edən diplomat AZAL və Pakistan Hava Yollarının COVID-19 virusu ilə əlaqədar məhdudiyyətlərin azaldılmasından sonra iki ölkə arasında uçuşların açılmasına hazır olduğunu bildirib.
Tədbir sual-cavab sessiyası ilə davam edib.