BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş keçirilib

2024-04-30 13:57

Aprelin 30-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş keçirilib.

İkitərəfli dostluq münasibətlərinə toxunan BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə Pakistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətiyyətli mövqeyinə diqqət çəkdi. Onun sözlərinə görə, Pakistan Azərbaycanı açıq bəyanatlarla və çoxtərəfli platformalarda dəstəkləməklə, ölkəmizin ədalətli mövqeyinə birmənalı sadiqliyini ifadə edib. F. Şəfiyev qeyd edib ki, Azərbaycan da Pakistanla bağlı bir çox məsələdə eyni qətiyyətli mövqedən çıxış edir.

Fərid Şəfiyev qonaqlara Cənubi Qafqazın tarixi, hazırkı regional dinamikalar, Azərbaycanın xarici siyasət prioritetləri, habelə nəqliyyat və bağlılıq layihələrinə töhfələri barədə məlumat verib.

Azərbaycanın sülh və çoxtərəfliliyə sadiqliyini vurğulayan BMTM sədri Ermənistanla sülh razılaşmasının əldə olunması, mehriban qonşuluq münasibətlərinin qorunması, eləcə də fəal, praqmatik və balanslı xarici siyasətin Azərbaycanın gündəmində əsas yerləri tutduğunu qeyd etdi.

BMTM sədri bəzi dövlətlərin ikili standartlar siyasətinin regionda davamlı sülhə mənfi təsir etdiyini diqqətə çatdırdı.

Öz növbəsində, Hərbi Hava Qüvvələri Akademiyasının baş təlimatçısı Şahin İdrisi  isti qarşılanmaya görə təşəkkürünü ifadə etdi. O, beynəlxalq münasibətlərdə cərəyan edən hadisələrin öyrənilməsi və uyğun cavab mexanizmlərinin hazırlanmasının vacibliyini bildirdi. Baş təlimatçı, həmçinin Hərbi Hava Qüvvələri Akademiyası və onun fəaliyyəti barədə məlumat verdi.

Toplantı regional və qlobal əhəmiyyət daşıyan vacib məsələlərin müzakirəsi ilə davam etdirilib.