BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM “Ermənistan-Azərbaycan münaqişəsinin unudulmuş qurbanı: münaqişənin ətraf mühitə təsiri” adlı hesabat hazırlayıb

2020-11-05 14:32

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ingilis dilində “Ermənistan-Azərbaycan münaqişəsinin unudulmuş qurbanı: münaqişənin ətraf mühitə təsiri” adlı hesabat hazırlayıb.  Hesabatda Azərbaycan ərazilərinin işğalının ekoloji nəticələri və silahlı münaqişələrdə ətraf mühitin qorunması ilə bağlı beynəlxalq hüquq və normalar haqqında məlumat verilir.

Beynəlxalq qurumları təmsil edən müstəqil araşdırmaçıların, Azərbaycan və Ermənistandan olan tədqiqatçıların apardığı araşdırmalara istinad edən hesabatda Ermənistan hökumətinin işğal olunmuş ərazilərdə törətdiyi ekoloji cinayət ifşa edilir. Hesabatda Almaniya və İtaliyadan olan beynəlxalq hüquq ekspertləri tərəfindən işğalçı bir dövlətin nəzarəti altındakı ərazilərdə ətraf mühitlə bağlı öhdəliklərinə dair beynəlxalq hüququn müddəaları haqqında araşdırmalar təqdim edilir və Ermənistanın ekoloji cinayətlərə görə məsuliyyətə cəlb edilməsinin hüquqi imkanlarını araşdırılır. 

Vurğulanır ki, Ermənistan - Azərbaycan münaqişəsi Azərbaycanın işğal olunmuş ərazilərinin ətraf mühiti üçün ağır nəticələrə səbəb olub. Ermənistan nəinki Azərbaycanın mülki əhalisinə qarşı cinayətlər törədərək minlərlə günahsız insanı qətlə yetirib və bir milyona qədər azərbaycanlını yaşadıqları torpaqlardan didərgin salıb, eyni zamanda işğal edilmiş ərazilərin təbii sərvətlərini amansızlıqla istismar edərək, su ehtiyatlarını çirkləndirərək, ağacları kütləvi şəkildə kəsərək ətraf mühitə ciddi zərbələr vurub.

Bildirilir ki, iki ölkə arasındakı hazırda davam edən müharibə Ermənistanın ətraf mühitə olan laqeydliyini bir daha təsdiqləyib. Bu müddət ərzində Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Ağgöl və Göygöl milli parklarında xüsusi qorunan ərazilərdə böyük meşə yanğınları törədib, hətta ekoloji mühitin toxunulmazlığına dair beynəlxalq konvensiyaların və BMT-nin müvafiq normativ aktlarını kobud şəkildə pozaraq müharibə meydanında müvəqqəti taktiki üstünlüklər əldə etmək üçün Azərbaycanın Şuşa şəhərini əhatə edən meşələri yandırıb.

Hesabatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

https://aircenter.az/uploads/files/Report%20Final%20October%20with%20cover%20end.pdf