Beynəlxalq Münasibərlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin rəhbərliyi ilə nümayəndə heyəti noyabrın 18-22-də Ankarada səfərdə olub. Səfər zamanı nümayəndə heyətini Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev və icmanın digər üzvləri müşaiyət edib. Onlar Türkiyənin aparıcı beyin mərkəzləri olan Türkiyə İqtisadi Siyasət Araşdırmaları Mərkəzi (TEPAV), Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi, Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondu (SETA), Strateji Düşüncə İnstitutu (SDE), Orta Şərq Strateji Araşdırmalar Mərkəzi (ORSAM) və Avrasiya Araşdırmalar Mərkəzi (AVİM)-də görüşlər keçiriblər. BMTM sədri Fərid Şəfiyev görüşlər zamanı yeni yaranmış mərkəz barədə məlumat verib və bildirib ki, BMTM-in əsas hədəflərindən biri dünyada və xüsusilə qonşu ölkələrdə fəaliyyət göstərən beyin mərkəzləri ilə əməkdaşlığı genişləndirməkdir. Fərid Şəfiyev həmçinin mərkəzin əsas fəaliyyət sahələrindən birinin Ermənistan-Azərbaycan münaqişəsi, onun araşdırılması və dünya ictimaiyyətinə çatdırılması olduğunu vurğulayıb. Bu xüsusda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev icma və fəaliyyəti barədə məlumat verib.