Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və rəhbərlik etdiyi nümayəndə heyəti Pekin Xarici Dillər Universitetini ziyarət edib. Görüş zamanı universitetin rektoru Yang Dan Azərbaycanın Çin üçün əhəmiyyətli ölkə olduğunu qeyd edərək, universitetdə fəaliyyət göstərən Azərbaycan dili kafedrası və ümumilikdə Azərbaycan dilinin tədrisi ilə bağlı məlumat verib. Daha sonra nümayəndə heyəti Azərbaycan dili kafedrası ilə yaxından tanış olub, universitetdə Azərbaycan dilini öyrənən çinli tələbələrə BMTM haqqında ətraflı məlumat verib və onların mərkəzin təqaüd və təcrübə proqramlarına cəlb edilməsi imkanlarını müzakirə edib. Sonda Fərid Şəfiyev tələbələr qarşısında Azərbaycanın keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlərə dair təqdimatla çıxış edib.