BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivləri” mövzusunda tədbir keçirilib

2024-02-28 16:14

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivləri” mövzusunda tədbir keçirilib.

BMTM-in eksperti, siyasi elmlər doktoru Mətin Məmmədlinin moderatorluğu ilə keçən tədbirdə regional prosesləri şərh edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirdi ki, yayılan bəzi düşüncələrin əksinə olaraq Azərbaycanın Qərbdən nə siyasi, nə də iqtisadi təcrid olunmaq fikri yoxdur. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı və tədbir çərçivəsində keçirdiyi vacib görüşlər buna dəlalət edir.

“Cənubi Qafqazda özünü təcrid vəziyyətinə salan yeganə ölkə Ermənistandır”, deyə o diqqətə çatdırıb.

F. Şəfiyev əlavə etdi ki, Azərbaycan həm ikitərəfli formatda dialoqu təşviq edir, həm də Cənubi Qafqazın 3 ölkəsi arasında əməkdaşlıq platformasının yaradılması ilə bağlı təklif irəli sürüb.

“Gürcüstan bu təklifə razılıq versə də, Ermənistan, təəssüf ki, dəstəkləmir”.

Ermənistan Konstitusiyası və digər qanunvericilik aktlarında Azərbaycan Respublikasına qarşı açıq ərazi iddialarının yer aldığını deyən BMTM sədri təzminat məsələsinə artıq beynəlxalq gündəlikdə xüsusi yer verilməsinin zəruriliyini vurğuladı.

“30 ildir, torpaqlarımız Ermənistan işğalı altında qalıb. Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistan özünü əzilən tərəf kimi təqdim etməyə çalışır. Azərbaycan sülh gündəliyinə sadiqdir. Lakin Ermənistan özünü bu prosesdən təcrid edir.”

Mina probleminin hələ də təhdid olaraq qaldığını deyən Fərid Şəfiyev bildirdi ki, Azərbaycana bu istiqamətdə böyük yardımlar göstərilməsə də, bu ciddi təhdidin mövcudluğu beynəlxalq səviyyədə etiraf olunur, bu və ya digər fondlar tərəfindən müəyyən yardımlar təşkil edilir. Lakin ərazilərin minalardan təmizlənməsi ilə bağlı işlərin əksəriyyəti Azərbaycanın özü tərəfindən təşkil edilir.

Sülh prosesində ikitərəfli formatın vacibliyini önə çəkən BMTM sədrinin sözlərinə görə, Ermənistan delimitasiya komissiyalarının iclaslarında ikitərəfli formatda iştiraka razılıq verir. Lakin sülh sazişi ilə bağlı danışıqlar ikitərəfli formatdan qaçaraq təminatçı-himayədar axtarır.­

“Ermənistan bu mentalitetdən imtina etməlidir,”-deyə o bildirib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru Musa Qasımlı Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün regional və beynəlxalq şəraitin diqqətlə təhlil edilməsinin zəruriliyini bildirdi. Onun sözlərinə görə, Ermənistanın beynəlxalq siyasi konyunkturun dəyişməsini gözləyir və bu səbəbdən sülh prosesini yubadır.

“Ermənistan Rusiya-Ukrayna savaşının nəticələrini gözləyir. Onlar hesab edirlər ki, savaş nəticəsində Qərb qalib gələcək və ondan sonra regionda istədiklərinə nail olacaqlar. Regionda davamlı sülhün vacibliyi ilə bağlı çoxsaylı bəyanatlar səsləndirilir, lakin bunun əməldə təzahürünü görmürük”,-deyə M. Qasımlı qeyd edib.

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “ Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Səbinə Qaraşova 44 günlük müharibədən sonra əldə olunan Zəfərin Prezident İlham Əliyevin hərbi-siyasi konsepsiyasının doğruluğunu təsdiqləyini qeyd etdi. Onun sözlərinə görə, Azərbaycan ortaya unikal hərb taktikaları qoydu.

“Şuşa əməliyyatı, Azərbaycanın apardığı təmassız müharibə taktikaları artıq hərbi məktəblərdə öyrənilir. Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaranıb və dünya bu reallığı qəbul etməlidir. Dünya birliyi keçmiş münaqişənin hərb yolu ilə həllinin mümkün olmadığını deyirdi. Çünki status -kvonun saxlanılmasında maraqlı idilər. Bu isə yalnız Ermənistan və onun havadarlarının maraqlarına cavab verirdi. Azərbaycan heç bir halda buna razı ola bilməzdi”.

Səbinə Qaraşova həmçinin Ermənistan hökumətinin fərqli geosiyasi mərkəzlər arasında manevr etməsinin Cənubi Qafqazda sülh və sabiltilyin inkişafına əngəl yaratdığını qeyd edib.

“Azərbaycan tərəfindən irəli sürülən təkliflər dəstəklənsə, regionda davamlı sülhü əldə etmək mümkündür”, deyə o bildirib.

Azərbaycanın geosiyasi əhəmiyyətinin artdığını deyən BMTM-in şöbə müdiri Cavid Vəliyevin sözlərinə görə, Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələri yeni mərhələyə qədər qoyur. TDT-nin qlobal çəkisinin artırılmasının gələcəkdə xüsusi prioritet olacağını deyən C. Vəliyev qurum çərçivəsində hərbi-müdafiə sahəsində əməkdaşlığın zəruriliyini diqqətə çatdırdı.