BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Dağlıq Qarabağ və Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi” mövzusunda vebinar keçirilib

2020-10-02 18:52

Oktyabrın 2-də Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağ və Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi” mövzusunda vebinar keçirilib.  Türkiyə Respublikasının Xarici işlər nazirin müavini Yavuz Selim Kıran 27 sentyabr tarixində Ermənistan tərəfindən təktərəfli formada başlayan hücuma qarşı Azərbaycanın güclü müdafiə olunmasını və həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarını Türkiyənin qürurla izlədiyini qeyd edib. O bildirib ki, Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun danışıqlar prosesində uğursuzluğu ilə bağlı mövqeyini tamamilə dəstəkləyir və Türkiyə işğalçı ilə işğala məruz qalana qarşı eyni yanaşmanı qəbuledilməz hesab edir. Çıxışının sonunda nazir müavini qeyd edib ki, Türkiyənin Azərbaycana qeyd-şərtsiz dəstəyinin davam edəcəyinə heç kimin şübhəsi olmasın. O, Ermənistana işğal etdiyi torpaqlardan çəkilmək və onu gerçək sahibinə qaytarmaq çağırışı edib. 

Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş beynəlxalq hüququn Azərbaycanın yanında olduğunu, Türkiyə və Azərbaycan dövlətləri arasında əməkdaşlığın Dağlıq Qarabağın azad olunmasına gətirib çıxaracağına inamını ifadə edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev BMT tərəfindən qəbul edilən dörd qətnamə, Avropa İnsan Haqları Məhkəməsində “Çıraqov və başqaları Ermənistana qarşı” işi və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə toxunaraq beynəlxalq hüquqa əsasən Ermənistanın işğalçı dövlət kimi tanındığını əsaslandırıb. Bəzi böyük dövlətlərin və təşkilatların hazırda davam edən hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının bərpa edilməsi ilə bağlı çağırışlarına münasibət bildirən F.Şəfiyev qeyd edib ki, Ermənistanın ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında aparılan danışıqlar və qəbul edilmiş Madrid prinsiplərin icrasından müxtəlif bəhanələrlə imtina etməsi və danışıqlar prosesinin formatını dəyişdirərək üçüncü tərəfi cəlb etmək cəhdləri, habelə iyul ayında danışıqların bərpası üçün yeddi şərt irəli sürməsi bunu mümkünsüz hala gətirib. O qeyd edib ki, hazırda Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə müvafiq olaraq özünümüdafiə tədbirləri həyata keçirir. Daha sonra F.Şəfiyev əlavə edib ki, son dövrlərdə Nikol Paşinyanın hərbi ritorikası yalnız Azərbaycana qarşı olmaqla kifayətlənməyib, Türkiyə dövlətinə qarşı da yönəlib. O, heç bir hüquqi əsası olmayan Sevr Anlaşmasında nəzərdə tutulan ərazilərə iddialar irəli sürüb. 

EDAM Təhlükəsizlik və Müdafiə Araşdırmaları Proqram direktoru Can Kasapoğlu münaqişənin hərbi tərəflərindən bəhs edərək sərhədlərin güc yolu ilə dəyişdirilə bilməməsi prinsipinin digər ölkələrə tətbiq olunduğu kimi Ermənistana qarşı da tətbiq olunmamasının Azərbaycana öz ərazilərini hərbi yolla işğaldan azad etməkdən başqa yol buraxmadığını bildirib. O, son dövrlər Türkiyə və Azərbaycan arasında olan hərbi tərəfdaşlığın silah satmaqdan konsepsiya transferinə qədər irəlilədiyini qeyd edib və iki ölkənin ortaq zabitlər nəslinin yetişdirilməsinin vacibliyinə toxunub. 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı danışıqlar prosesinin dayanmasına gətirib çıxaran hadisələrin xronologiyasına nəzər salıb, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin münaqişənin həllinə təsiri imkanlarından bəhs edib. 

SETA Təhlükəsizlik Araşdırmaları Direktoru Murat Yeşiltaş hazırda davam edən hərbi əməliyyatların niyə məhz sentyabrın 27-də başladığını analiz edərək bildirib ki, bu, 12 iyulda ermənilərin Tovuza olan hücumu ilə, eyni zamanda Liviya, Suriya, Aralıq dənizi regionunda baş verən geosiyasi hadisələrlə üzvi sürətdə bağlı olub. O, Azərbaycanın artan hərbi gücünə toxunaraq qeyd edib: “Azərbaycan ordusu artıq NATO standartlarına cavab verən silahlı qüvvələrə çevrilib”.