Noyabrın 3-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Cənubi Koreyanın Azərbaycandakı səfirliyi ilə birgə 44 günlük müharibənin birinci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edib. Tədbirdə çıxışı zamanı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev iştirakçılara Ermənistan-Azərbaycan münasibətlərindəki son proseslərə dair məlumat verərək, ərazi bütövlüyünün qarşılıqlı tanınması çərçivəsində iki ölkə arasında konstruktiv dialoqun aparılmasının vacibliyini diqqətə çatdırıb.
Regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması təşəbbüsləri barədə danışan Fərid Şəfiyev yaranmış yeni vəziyyətin Azərbaycanın Avropa-Asiya nəqliyyat xətti üzərində tranzit mərkəzi kimi rolunun artmasına təkan verə biləcəyini vurğulayıb.
Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op Koreya-Azərbaycan münasibətləri barədə məlumat verib və 44 Günlük müharibədən sonra Azərbaycanla Ermənistan arasındakı sülh səylərinə dəstəyini ifadə edib. O, bu istiqamətdə baş vermiş son irəliləyişləri müsbət qiymətləndirərək, iki ölkə arasında bütün mübahisəli məsələlərin həll olunacağına ümidini ifadə edib.
Dəyirmi masa ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev və BMTM-in baş məsləhətçisi Vasif Hüseynovun təqdimatları ilə davam etdirilib. Anar Vəliyev təqdimat zamanı 44 günlük müharibədən sonra regionda formalaşmış əməkdaşlıq imkanlarından danışıb və qeyd edib ki, Azərbaycan regionda düşmənçiliyə son qoymağa və normal və işgüzar münasibətlər qurmağa hazırdır.
Vasif Hüseynov çıxışı zamanı Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması təşəbbüsləri barədə məlumat verib. İki ölkə arasında əlaqələrin növbəti 10 ili üçün mümkün ssenariləri barədə danışarkən BMTM eksperti regionun gələcəyinin daha çox sülhyönümlü olacağına dair ümidlərin olduğunu, lakin sülh təşəbbüslərinə mane ola biləcək bəzi təhdidlərin mümkünlüyünü də qeyd edib. Bu xüsusda o, Ermənistan siyasətçilərinin revanşist açıqlamalarına diqqət çəkib. Vasif Hüseynov həmçinin Cənubi Koreyanın regionda sülh səylərinə dəstəyi barədə məlumat verib. O, Cənubi Koreyanı işğaldan azad edilmiş Qarabağ ərazisində Azərbaycanın bərpa işlərinə töhfə verməyə çağırıb.