Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “44 günlük müharibə: Mülahizə və nəticələr” adlı hesabatın diplomatik korpus, ekspertlər və media üçün ingilis dilində təqdimatı keçirilib. Təqdimatda çıxışı zamanı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, BMTM tərəfindən mütəmadi şəkildə 44 günlük müharibə və müharibədən sonrakı vəziyyətə dair təhlillər hazırlanır və mərkəzin saytına yerləşdirilir. Onun sözlərinə görə, sözügedən hesabatda əsas hədəf kütləsi olaraq xarici auditoriya seçilib. Fərid Şəfiyev qeyd edib ki, hesabatda müharibə barədə danışılır, lakin əsasən Cənubi Qafqazın gələcəkdə sülh şəraitində əməkdaşlıq məkanına çevrilməsinin perspektivləri, iqtisadi dividentlər təhlil edilir. Fərid Şəfiyev həmçinin bu gün Ermənistanın Gəncəyə etdiyi raket hücumundan 1 bir il keçdiyini də vurğulayıb və bildirib ki, hadisə dinc əhalini hədəfə almaq məqsədi ilə gecə saatlarında gerçəkləşdirilib.
“Müharibədən sonra beynəlxalq ekspertlər vurğulayır ki, müharibənin sülh yolu ilə həllinə dair öhdəlik götürülmüşdü. Doğurdan da biz müharibənin sülh yolu ilə həllinin tərəfdarı olmuşuq. Lakin Minsk qrupu fəaliyyət göstərdiyi vaxtdan və Madrid prinsipləri təsbit edildikdən bu yana müharibənin həllində heç bir irəliləyiş olmayıb. Bununla yanaşı ötən ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində yerləşən Tovuz rayonunda insident baş verdi. Ermənistan tərəfi bu gün qəbul edir ki, bu təxribat idi. Biz o zamana kimi kifayət qədər gözlədik və nəhayət ötən il 27 sentyabr tarixində Ermənistanın başlatdığı təxribata cavab verdik”,- deyə Fərid Şəfiyev qeyd edib.
Daha sonda hesabatın həmmüəllifləri BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova, baş məsləhətçi Vasif Hüseynov və aparıcı məsləhətçi Orxan Bağırov hesabatın təqdimatını ediblər. Qeyd olunub ki, hesabatda ayrı-ayrı bölmələrdə müharibənin erməni diasporuna, iqtisadi münasibətlər və beynəlxalq əlaqələrə təsirləri araşdırılır.
Hesabatda 44 günlük müharibənin gətirib çıxardığı mülahizələr və nəticələrə fərqli bucaqdan nəzər salınır. Beynəlxalq perspektivdən baxdıqda bu hesabat 44 günlük müharibənin beynəlxalq əlaqələrə 3 əsas təsirini vurğulayır. Birincisi, təəssüflə qeyd olunur ki, müharibədən əvvəl Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının uğursuz olması və beynəlxalq ictimaiyyətin beynəlxalq hüquqa əməl etməsi üçün Ermənistana təzyiq göstərmək istəməməsi Makiavelli nəzəriyyəsini təsdiqləyən növbəti nümunədir. Bu baxımdan Ermənistan liderlərinin beynəlxalq hüquqa məhəl qoymaması və beynəlxalq reaksiyanın olmaması səbəbindən onların cəzasız qalması nəinki iki Cənubi Qafqaz ölkəsi arasındakı sülh prosesinə, həmçinin beynəlxalq hüquqi nizama və ona olan inama zərbə təşkil edib.
Hesabata əsasən, müharibənin ikinci təsiri daha çox hərbi xarakter daşıyır. Bildirilir ki, son onilliklər ərzində baş vermiş texnoloji inqilabların həyatımızın bütün sahələrini sürətlə dəyişdiyi kimi hərbi sahədən də yan ötməyib. Azərbaycanın 44 günlük müharibdə əsasən müasir silahlanmaya görə qalib gəlməsi bu inqilabın göstəricisidir. Bəzi ölkələr bu inqilaba çağırış kimi baxsalar da, bəziləri bunu imkan kimi dəyərləndirir.
Yazıda qeyd olunan İkinci Qarabağ müharibəsinin 3-cü təsiri kiçik dövlətlərin böyük güclər qarşısında öz milli maraqlarını müdafiə etmək baxımından daha çox güclənmək potensialı ilə bağlıdır. Bildirilir ki, bu yeni vəziyyət nəinki kiçik ölkələrin müdafiə imkanlarını artıracaq, həmçinin böyük dövlətlərin hərbi müdafiə xərclərini azaldacaq və onları danışıqlar vasitəsi ilə həll yolunun tapılmasına sövq edəcək.
Hesabatda 44 günlük müharibənin region və regionun hüdudlarından kənara təsirlərinə dair mülahizələr və tənqidi müzakirələr yer alıb.