BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

İdarə Heyətinin üzvləri

Esmira Cəfərova

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü


info@aircenter.az

(+994 12) 596-82-39

Esmira Firudin qızı Cəfərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2019-cu il tarixli sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.

1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində təhsil alıb. 2000-2001-ci illərdə Macarıstanın Budapeşt şəhərindəki Mərkəzi Avropa Universitetində Beynəlxalq Münasibətlər və Avropa Bilimləri fakültəsində magistr, 2007-2011-ci illərdə Avstriyanın Vyana Universitetində Siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcələrinə yiyələnib. Dissertasiya mövzusu  “Cənubi Qafqazda təhlükəsizliyin təminatında beynəlxalq təşkilatların rolu: BMT, ATƏT, Avropa İttifaqı və MDB-nin Cənubi Qafqazdakı münaqişələrin həllində effektivliyinin təhlili” olub. 2014-cü ilin yanvar-avqust aylarında ABŞ-ın Nyu-York şəhərində Kolumbiya Universitetinin Harriman İnstitutunda ziyarət edən elmi işçi kimi araşdırma aparıb.

Esmira Cəfərova Vyana Diplomatik Akademiyası (Vyana, Avstriya, fevral-aprel 2002), Təhlükəsizlik Bilimləri üzrə Corc Marşal Mərkəzi (Qarmiş Partenkirxen, Amaniya, fevral-mart 2003), Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzi (Cenevrə, İsveçrə, oktyabr 2004-may 2005) və Şimal Şərqi Yaxın Asiya Mərkəzində (Vaşinqton D.C., fevral 2015) ixtisas artırma kursları keçib.

2001-2016-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyində üçüncü və ikinci katib və Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində birinci katib işləyib, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə Yaxın Şərq məsələlərinə məsul ekspert kimi fəaliyyət göstərib.

2016-2017-ci illərdə ADA Universitetində İctimai və Beynəlxalq Münasibətlər fakültəsində Siyasi elmlər üzrə baş müəllim işləyib. ADA Universitetində olduğu müddətdə o, “Xarici Siyasətin Təhlili”, “Diplomatiya və Xarici siyasət”, “Avropa İttifaqının Xarici Siyasəti”, “Qlobal İdarəetmə”, “Münaqişələrin həlli” “Beynəlxalq Əlaqələr Nəzəriyyəsi” fənlərini  tədris edib.

2017-2018-ci illərdə Energetika Nazirliyində Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri, 2018-ci ilin avqustundan 2019-ci il noyabrın 1-nə kimi Energetika nazirinin beynəlxalq məsələlər üzrə müşaviri kimi fəaliyyət göstərib.

Esmira Cəfərova bir çox məqalələrin, elmi nəşrlərin, o cümlədən 2015-ci ildə Lexington Books (Rowman & Littlefield) kitab evi tərəfindən çap olunmuş  “Cənubi Qafqazda münaqişələrin həlli: Beynəlxalq səylərin üzləşdiyi çağırışlar” adlı kitabın müəllifidir.

Gülşən Paşayeva

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü


info@aircenter.az

(+994 12) 596-82-39

Gülşən Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsini "Struktur və tətbiqi dilçilik" ixtisası üzrə 1983-cü ildə bitirmişdir. O, 1983-2001-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrdə işləmişdir. Əyani aspiranturanı qurtardıqdan sonra o, namizədlik dissertasiyasını müdafiə edərək, 1990-cı ildə “Dilçilik nəzəriyyəsi” ixtisası üzrə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

1995-ci ilin avqust-dekabr aylarında Gülşən Paşayeva ABŞ-ın Merilend Universitetinin Beynəlxalq İnkişaf və Münaqişələrin Həlli Mərkəzinin "Münaqişələrdə tərəfdaşlar – Cənubi Qafqazda sülh körpülərinin yaradılması" mövzusunda Vaşinqtonda təşkil edilmiş dörd aylıq beynəlxalq proqramda iştirak etmişdir. Azərbaycana qayıtdıqdan sonra o, 1996-cı ildə “Konfliktologiya problemləri üzrə tədqiqat mərkəzi” adlı qeyri-hökumət təşkilatını təsis etmiş və 2001-ci ilə qədər ona rəhbərlik etmişdir. Eləcə də Gülşən Paşayeva Azərbaycanın bir neçə dövlət və özəl universitetlərində “Regional münaqişələr”, “Danışıqlar prosesi”, “Vasitəçilik” fənlərini tədris etmiş və 1998-1999-cu illərdə Fulbrayt proqramı xətti ilə ABŞ-ın Tafts Universitetinin Hüquq və Diplomatiya üzrə Fletçer məktəbində yarım il ərzində münaqişələrin həlli texnikasına və danışıqlar prosesinə dair tədqiqatlar aparmışdır.

2001-2006-cı illərdə o, BMT-nin Qadınlar üçün İnkişaf fondunun (hazırda BMT Qadınlar) "Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda" regional layihəsinin Azərbaycan üzrə Milli əlaqələndiricisi vəzifəsində işləmiş, 2007–2009-cu illərdə isə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin məsul əməkdaşı olmuşdur.

2009-cu ilin iyulundan Gülşən Paşayeva Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri vəzifəsində işləmiş, 2011-ci ilin   yanvarında isə bu Mərkəzin direktor müavini təyin edilmişdir. 2018-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baş məsləhətçi vəzifəsində fəaliyyətə başlayan Gülşən Paşayeva, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2019-cu il tarixli sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilmişdir.

Gülşən Paşayeva münaqişələrin həlli, təhlükəsizlik, gender və dil siyasəti məsələləri üzrə ixtisaslaşmışdır. O, 1996–2022-ci illər ərzində dünyanın müxtəlif ölkələrində keçirilmiş 120-yə yaxın beynəlxalq konfrans, seminar və təlimlərdə iştirak etmiş və 100-dən artıq elmi-publisistik məqalənin, bir monoqrafiyanın müəllifi və ikisi xaricdə çap edilməklə ümumilikdə üç kitabın (“The EU Eastern Partnership: Common framework or Wider Opportunity?” (2012), “Cooperation in Eurasia: Linking Identity, Security, and Development” (2016) və “Trapped between War and Peace: The Case of Nagorno-Karabakh”  (2017)) həmredaktorudur.

Ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Gülşən Paşayeva Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.