Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində təşkil olunub. Forum Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşkil edilib və dav...
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində təşkil olunub. Forum Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşkil edilib və davamlı urbanizasiya üzrə bu aparıcı konfrans Xəzər və Cənubi Qafqaz regionunda ilk dəfədir ki, ölkəmizdə təşkil olunub.
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 qlobal mənzil problemlərinə diqqət çəkib, mənzil təminatını inklüzivlik və davamlılığın əsas amili kimi araşdırıb, həmçinin Yeni Şəhər Gündəliyinin icrasının formalaşdırılmasına töhfə verib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) forum çərçivəsində tematik panel sessiyasının təşkilində və əsas müzakirələrdə iştirak edərək WUF13-ün işinə əhəmiyyətli töhfə verib.
Forum çərçivəsində keçirilmiş “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” (20 may, 2026) adlı beynəlxalq panel postmünaqişə dövründə şəhərlərin bərpası, urbisid və Azərbaycanın yenidənqurma təcrübəsinin beynəlxalq səviyyədə təhlili üçün mühüm platforma rolunu oynayıb, müasir şəhərsalma çağırışlarının fənlərarasl müzakirəsi üçün əlverişli şərait yaradıb. (https://aircenter.az/en/post/air-center-hosts-panel-on-urbicide-and-its-consequences-at-wuf13-2119)
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev 21 may 2026-cı il tarixində WUF13 çərçivəsində keçirilmiş iki panel sessiyasında panelist qismində çıxış edib.
İlk olaraq o, UN-Habitatın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə təşkil etdiyi “Yaxın Şərq Böhranı və onun qlobal mənzil və şəhərsalma sahələrinə təsirləri” mövzusunda panel müzakirəsində iştirak edib. Çıxışı zamanı Fərid Şəfiyev münaqişədən sonra həyata keçirilən bərpa və post-münaqişə işləri sahəsində Azərbaycanın təcrübəsini və əldə etdiyi nailiyyətləri vurğulayıb.
İkinci tədbir isə “Laçın və Kəlbəcər: urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol” adlı panel sessiyası olub. Panel müzakirəsində Fərid Şəfiyev Azərbaycanın üzləşdiyi urbisid və ekosid fenomenləri, bu anlayışlara dair müasir elmi-nəzəri yanaşmalar, azad edilmiş ərazilərdə aparılmış bərpa-tikinti işləri, həmçinin davamlı şəhərsalma prinsipləri barədə əhatəli təqdimatla çıxış edib.