2011-ci ildən Qoşulmama Hərəkatına üzv olan Azərbaycan hərəkatın 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Zirvəsində sədrliyi təhvil alır. 2023-cü ildə Qoşulmama Hərəkatı üzvlərinin yekdil qərarı ilə Azərbaycanın sədrliyi ...
2011-ci ildən Qoşulmama Hərəkatına üzv olan Azərbaycan hərəkatın 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Zirvəsində sədrliyi təhvil alır. 2023-cü ildə Qoşulmama Hərəkatı üzvlərinin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il müddətinə uzadılır.
Sədrliyi dövründə Azərbaycan üzv dövlətlər arasında əməkdaşlığın koordinasiyası, çoxtərəflilik dəyərləri və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də təsisatın canlandırılması istiqamətində bir sıra təşəbbüslərlə çıxış edib.
Azərbaycanın sədrliyinin ilk ili (2020) koronavirus pandemiyası ilə üst-üstə düşdü. Bakı böhranın üzv ölkələrin iqtisadiyyat və rifahına mümkün mənfi nəticələrinə qarşı mübarizədə bir araya gətirmək istiqamətində çox addım atmışdır.
Azərbaycan hökumətinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatı tarixində ilk dəfə 2020-ci il mayın 4-də üzv dövlətlərin növbədənkənar sammiti keçirildi. Sammitdə virtual qaydada 45-dən çox üzv dövlət və beynəlxalq təşkilat iştirak etdi.
BMT Baş Assambleyasının 74-cü sessiyasının Prezidenti, Afrika İttifaqı Komissiyasının sədri və Dünya Səhiyyə Təşkilatının Baş direktoru sammitdə çıxış edən liderlər arasında idilər və bu təşəbbüsü alqışladılar.
Hərəkatın sədri kimi, Azərbaycanın əsas məqsədlərindən biri Qoşulmama Hərəkatının fundamental beynəlxalq təşkilata çevrilməsi üçün mükəmməl institusional zəmin hazırlamaq idi. Bakı bu istiqamətdə bəzi uğurlu təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatının Parlament və Gənclər Şəbəkəsinin yaradılması bu istiqamətdə vacib addım oldu. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənən digər təşəbbüs isə Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.
Qeyd edilən müddət ərzində BMTM Azərbaycan və Qoşulmama Hərəkatı arasında münasibətləri araşdırıb, tövsiyələr hazırlayıb, mövcud siyasətləri qiymətləndirib, çağırışlara diqqəti yönəldib və ekspertləri müzakirələrə cəlb edərək media ilə sıx əlaqələr qurub.
2020-ci ilin əvvəllərindən sədrliyin başa çatdığı 2024-cü ilin yanvarınadək olan sədrlik fəaliyyətləri çərçivəsində BMTM “Azerbaijan’s Non-Alignment” (Azərbaycanın qoşulmama siyasəti) başlıqlı müfəssəl hesabat hazırlayıb. Hesabatda Azərbaycanın Hərəkatın fəaliyyətində iştirakı və bloklara qoşulmama siyasəti kimi müxtəlif mövzular araşdırılıb.
BMTM, həmçinin “Qoşulmama Hərəkatı və COVID-19 pandemiyası” adlı beynəlxalq vebinar, “Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu” mövzusunda beynəlxalq konfrans, “Bandunqdan Bakıya qədər: Qoşulmama Hərəkatı mürəkkəb və dəyişkən qlobal kontekstdə” adlı simpozium, "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda dəyirmi masa və digər tədbirlər təşkil edib.