BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Azərbaycan-Gürcüstan əməkdaşlığı telekommunikasiya sektorunda genişlənir

2021-06-02 15:20

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Orxan Bağırovun “Azərbaycan-Gürcüstan əməkdaşlığı telekommunikasiya sektorunda genişlənir” başlıqlı məqaləsi nüfuzlu “Modern Diplomacy” portalında nəşr edilib. Məqalədə əsas diqqət Azərbaycan şirkəti olan "Neqsol Holding"-in Gürcüstanın  Caucasus Online" şirkətinin səhmlərinin qalan hissəsini əldə edərək 100%-lik sahibinə çevrilməsinə yönəldilib.

Məqalədə qeyd edilir ki, "Caucasus Online" şirkətinin alınması Azərbaycanın da iştirak etdiyi Rəqəmsal İpək Yolu layihəsinin icrası üçün böyük əhəmiyyət daşıyır. Ona görə ki, bu şirkət Avropadan Qafqaza internet trafikini nəql edən yeganə fiber optik kabelin sahibidir. Müəllif qeyd edir ki, "Caucasus Online" şirkətinin səhmlərinin alınması bu kabelin Rəqəmsal İpək yoluna birləşdirilməsinə imkan yaradır.  Məqalədə eyni zamanda Rəqəmsal İpək Yolu layihəsini dəstəkləmək üçün Azərbaycanın həyata keçirdiyi “Azərbaycan Rəqəmsal Hab” proqramına və Türkmənistan və Qazaxıstan ilə birlikdə Xəzər dibi ilə fiber-optik kabellərin çəkilməsi layihələrinə də toxunulur.

Məqalədə Rəqəmsal İpək Yolu layihəsinin Gürcüstan üçün yaratdığı imkanlar da vurğulanıb. Qeyd edilib ki, Gürcüstan bu layihədə iştirak etməklə regional data mərkəzinə çevrilmək imkanı əldə edir. Ona görə də "Neqsol Holding"-in Gürcüstanın "Caucasus Online" şirkətinin səhmlərini alması hər iki ölkənin inkişafına imkan yaratmaqla yanaşı onlar arasında ikitərəfli əməkdaşlığın daha bir gözəl nümunəsidir. O da göstərilib ki, Caucasus Online şirkətinin səhmlərinin satılması ilə bağlı Gürcüstanın Milli Rabitə Komissiyası ilə şirkət arasında müəyyən narazılıq yaransa da Gürcüstanın Appelyasiya Məhkəməsinin sonuncu qərarı mövcud narazaılığın aradan qalxmasına imkan yaradıb.

Sonda isə qeyd edilib ki, son on illiklərdə Gürcüstan, Azərbaycan və Türkiyənin əməmkdaşlığı ilə enerji və nəqaliyyat sahələrində bir neçə əhəmiyyətli regional layihə həyata keçirilib. Bu layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevirməklə yanaşı onun regional nəqliyyat habına çevrilməsinə imkan yaradıb: "Bu statusları əldə etdikdən sonra isə Azərbaycan rəqəmsal haba çevrilmək istiqamətində layihələr həyata keçirməkdədir. Ona görə də Azərbaycan-Gürcüstan əməkdaşlığının genişlənməsi və "Caucasus Online" şirkətinin səhmlərinin Azərbaycan şirkəti tərəfindən alınması Azərbaycanın regional rəqəmsal hab kimi mövqeyini möhkəmləndirir. Həyata keçirilən digər regional layihələr kimi Rəqəmsal İpək Yolu layihəsinin icrası da regional inkişafa və əməkdaşlığa əsaslı şəkildə təsir edəcək".

Daha ətraflı: https://moderndiplomacy.eu/2021/06/02/azerbaijan-strengthens-its-position-as-a-regional-digital-hub/